Baki, FinanceTime. “ADA” Universiteti Akademik Məqsədlər üçün II Ingilis Dili Olimpiadasını elan edir. Olimpiadada iştirak Bakı məktəblərinin 10-11 ci sinif şagirdləri üçün açıqdır. Gənc qalibləri maraqlı mükafatlar gözləyir. Belə ki, üçüncü yerin sahibi planşet və “ADA” Universitetində ingilis dili üzrə yay məktəbinin təhsil haqqına 50% endirim, ikinci yerin sahibi noutbook və Universitetdə ingilis dili üzrə yay məktəbinin təhsil haqqına 75% endirim, birinci yerin sahibi isə Böyük Britaniyada ingilis dili kursu və “ADA” Universitetində ingilis dili üzrə yay məktəbində iştirak etmək imkanı qazanacaq.
“ADA” Universitetinin Təhsil fakültəsinin tərəfdaş məktəbi olan 132-134 saylı təhsil kompleksində keçiriləcək Olimpiadanın fevralın 19-dakı birinci mərhələsi zamanı iştirakçılar ingisli dilinin qrammatikası və oxu qabiliyyətinə dair 50 sualı yazılı şəkildə cavablandırmalıdırlar. Martın 12-dəki ikinci mərhələyə uğurla keçənlər yazı və dinləmə qabiliyyətindən yarışa qatılacaqlar. Qaliblər “ADA” Universitetində mükafatlandırılacaqlar.
Ötən il Universitetin “Focus” tələbə klubunun təşəbbüsü kimi başlayan Olimpiada bu il nəinki iştirakçıların coğrafiyasını genişləndirib, həm də ingilisdilli təhsilllə məşğul olan təşkilatlarla tərəfdaşlıq edir. Olimpiada sualları British Council tərəfindən hazırlanır, Oxbridc Akademiyası və Təhsildə İnnovativ Texnologiyalar təlim mərkəzi isə təşkilatı dəstək verir.
“ADA” Universitetinin Təhsil İnstitutunun dekanı Vəfa Kazdal bildirmişdir ki, müasir dünyanın elm və peşəkar inkişaf dili kimi ölkədə son vaxtlar ingilis dilinə tələbat artıb. Xüsusilə də gənclər, ingilis dilli təhsilin onlara necə imkanlar açdığını başa düşür, sadəcə ingilis dili yox, akademik məqsədlər üçün ingilis dilini öyrənməyə çalışırlar: “ADA tələbələrinin sosial bir layihə kimi başladıqları bu Olimpiadanı biz, Universitet olaraq ilk gündən dəstəklədik. Ötən il əldə etdiyimiz nəticələr, şagirdlərin həvəsi və bacarığı bizi daha da ruhlandırdı və bu ilki Olimpiadada iştirakı bütün Bakı məktəblərinin 10-11ci sinif şagirdləri üçün açıq elan etdik. Əminəm ki, iştirakçılarımız arasında bu il də kifayət sayda istedadlara rast gələcəyik.”
Akademik Məqsədlər üçün II Ingilis Dili Olimpiadasında iştirak etmək istəyənlər fevralın 14-dək www.olympiad.ada.edu.az səhifəsində elektron şəkildə qeydiyyatdan keçməlidirlər.