Mərkəzi Gömrük Hospitalının uşaq nevropatoloqu Mehriban Məmmədova “Həkim məsləhəti” rubrikasında “Dəniz havasının nevroloji uşaqlara faydası” mövzusunda məlumat verib.
Dəniz havasının sinir sisteminə müsbət təsirləri vardır. Dəniz üzərində ionlaşmış hava insan orqanlarını oksigenlə zənginləşdirir, iş qabiliyyətini artırır, pozitiv emosiyalar bəxş edir. Dəniz havası faydalı minerallarla zəngindir. Dəniz havası bromla, litiumla zəngindir. Brom və litium maddələri beyindəki serotoninin, triptamin kimi xoşbəxtlik hormonlarını artırır. Dəniz kənarında 2 saat yerimək və tətil keçirmək sinir sistemi xəstəliklərində müsbət rol oynayır.
Eyni zamanda dəniz dalğasının səsi də zehni rahatlığa səbəb olur. Bəzi psixoloqların araşdırmalarına görə mavi rəngin yaxınlığında insan sakitlik və hüzur tapır.
Uşaqları da tez-tez dəniz kənarına aparmaq tövsiyə edilir. Yağışlı, şimşəkli, göy gürultulu havalardan sonra dəniz sahilində yürüş etmək depressiyaya çox müsbət təsir göstərir (ozon terapiyası effekti verir). İngiltərədə Exeter Universiteti mütəxəssislərinin apardıqları araşdırmalara görə, dənizə yaxın bölgələrdə yaşayan insanlarda depressiya hallarının, psixoloji rahatsızlıqların daha az olduğu ortaya çıxmışdır. Dəniz kənarında yürüş, üzmə, dənizə qarşı oturmaq – depressiya müalicəsində mühüm yer almaqdadır.
Dəniz sahilində təkcə havanın deyil, dəniz qumunun da xeyri çoxdur. Belə ki, dəniz qumunda gəzmək damarları genişləndirir, arterial təzyiqi normallaşdırır, miqrenə müsbət təsir göstərir. Revmatizmdən əziyyət çəkənlərə də qum üzərində gəzmək məsləhət görülür.
Qumun istiliyi dəri, oynaq və daxili orqanların reseptorlarını qıcıqlandırır, mexaniki təzyiq dəri və yumşaq hüceyrələrin qan və limfotik damarlara təsir edərək kapillyar və arteriyaların işini yaxşılaşdırır, bununla da qan axını güclənir və onun bölüşdürülməsi baş verir, ürək-damar sisteminin iş prinsipi nizama salınır. Dəniz qumu təbii pilinq rolu oynayır və bəzi dəri xəstəliklərini müalicə edir, ayaq dabanlarına təbii pedikür təsiri bağışlayır. Qum ilə yüngülcə ovulan dəri daha təmiz və təbii görünür. Dəniz qumu qan dövranını sürətləndirdiyi üçün oynaq ağrılarını yüngülləşdirir.
Lakin unutmaq lazım deyil ki, dəniz qumunun faydası ilə yanaşı zərərli cəhətləri də var. Məsələn, qumda çox qalmaq iflic hissi yaradır, təzyiq, şəkər, ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin uzun müddət qumda basdırılmış vəziyyətdə qalması məsləhət görülmür.