Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin cərrah-transplantoloqu, m.r.c.s., Dr. Kamran Beydullayev “Həkim məsləhəti” rubrikasında “Qaraciyər və böyrək transplantasiyasında donor seçimi” mövzusunda məlumat verib.
Qaraciyər transplantasiyası, qaraciyər köçürülməsi donordan götürülmüş tam qaraciyər və ya onun bir hissəsinin resipiyentə – qaraciyər patologiyalı xəstəyə cərrahi yolla köçürülməsi əməliyyatıdır. Qaraciyər transplantasiyasını tələb edən hallar əsasən anidən inkişaf edən kəskin və xroniki olaraq iki hissəyə ayrılır:
Kəskin qaraciyər çatışmazlığı: Qaraciyər transplantasiyasını tələb edən prioritet xəstə qrupudur, çünki bu xəstələr sağalmazlarsa, ölə bilərlər. Bu vəziyyətdə olan xəstələrin xəstəliyinin gedişatının necə davam edəcəyini təxmin etmək çox çətin olduğundan, həmin xəstələr zəruri hallarda dərhal qaraciyər köçürə biləcək orqan transplantasiyası mərkəzinə yönləndirilməlidirlər.
Xroniki qaraciyər çatışmazlığı (sirroz): Sirrozla yanaşı sarılıq, varikoz qanaxmalar, assit - qarın boşluğunda maye toplanması, ensefalopatiya, sirrozla əlaqədar böyrək xəstəliyi, infeksiya və qanaxma pozğunluqları kimi kliniki əlamətlər transplantasiyanı tələb edir.
Qaraciyər transplantasiyasının çox önəmli hissələrindən biri də qan alıcı ilə vercinin qan qrupunun uyğun olmasının vacibliyidir. Ailə üzvlərindən və ya yaxınlardan kimsə qaraciyərinin bir hissəsini xəstəyə bağışlaya bilərsə, həmin qaraciyərin bir hissəsi alıcıya transplantasiya edilir.
Canlı donor, alıcının qan qohumu olmaya bilər, amma qan qrupu mütləq uyğun olmalıdır. Donor sağlam vəziyyətdə olmalıdır və orqan bağışlanmasını könüllü həyata keçirməlidir.
Donor xəstə üçün uyğundursa, donor dəyərləndirilməsi həyata keçiriləcək. Donor dəyərləndirilməsi bitdikdən sonra transplantasiyanın həyata keçirilib-keçirilməməsi məsələsinə həkimlər qərar verəcək. Çox vaxt canlı donor uşaq xəstələr üçün yeganə çıxış yolu olur. Təcili hallarda qan qrupu uyğun olmayanlar arasında da transplantasiya həyata keçirilə bilər, amma bu zaman qaraciyər ölçüsünün uyğun olması vacibdir.