1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dr.Aynur Səfiyeva: “Həkimlik yeganə sənətdir ki, ömrünün axırına qədər oxumalı, öyrənməli, yeniliyi təqib etməlisən”
08.02.2024

Dr.Aynur Səfiyeva. Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı, t.ü.f.d., Azərbaycan Kolorektal Cərrahi Dərnəyinin elmi katibi, Avropa Koloproktoloji Cərrahi Dərnəyini Şərqi Avropa üzrə regional təmsilçisidir.  20 ildən çoxdur ki, tibb sahəsində cərrah kimi fəaliyyət göstərir. 

- Aynur xanım, özünüz və peşəniz haqqında bizə məlumat verərdiniz. 

- Mənim cərrahi fəaliyyətim təkcə praktik fəaliyyət deyil, elmi və ictimai fəaliyyəti də özündə əks etdirir. Təsadüfi deyil ki, apardığım elmi-tədqiqat işləri hal-hazırda da davam etməkdədir. Mənim tibb üzrə fəlsəfə doktoru adını almaq üçün apardığım elmi-təqdidat işi məhz pararektal fistulların müalicəsinə həsr olunmuşdur. Doktorluq müdafiəm isə “Kolorektal poliplərdə kök hüceyrələrinin klinik əhəmiyyəti” mövzusunda olmuşdur. Bu elmi iş kolorektal poliplərdə kök hüceyrələrinin klinik əhəmiyyətinin araşdırılmasına həsr olunmuşdur. Düşünürəm ki, hər bir həkim təkcə praktik fəaliyyətlə deyil, eyni zamanda yenilikləri öyrənməli, elmi fəaliyyətini də dərinləşdirməli, öz üzərində işləməklə inkişaf etməlidir.  Bunu da rəhbər tutaraq özümə bir borc  bilirəm ki, hər il dəyişən rəhbərlikləri öyrənmək üçün həm xaricdə, həm də ölkəmizdə keçirilən elmi-praktik konfranslarda, beynəlxalq səviyyəli konfranslarda, forumlarda aktiv iştirak edim,  həm poster, həm məruzə formatında çıxışlarla, həm də məqalələrlə ölkəmizi təmsil edim. Bu tərəfdən yanaşsaq, mənim Avropa Koloproktoloji Cərrahi Dərnəyində də regional təmsilçi olmağım təsadüfi deyil. Məhz 2016-cı ildə Azərbaycandan ilk olaraq ölkəmizi təmsil edən milli təmsilçi seçildim və bununla da çox fəxr edirəm. Avropa Koloproktoloji Cərrahi Dərnəyində növbəti vəzifəm isə artıq milli təmsilçi olaraq öz missiyamı yerinə yetirdikdən sonra Şərqi Avropa üzrə regional təmsilçi nümayəndələrindən biri oldum və bununla da fəxr edirəm. Bu eyni zamanda mənim üçün böyük məsuliyyət hissi deməkdir. Ona görə ki, mən öz ölkəmi layiqincə təmsil edirəm, həm də düşünürəm ki, bu məndə alınır.

Cərrah peşəsinə gəldikdə, mən bu peşəni sevərək icra edirəm. Belə ki, həkim olmaq mənim uşaqlıq arzum idi. Və hər gün işə başlarkən hər bir xəstəni sevə-sevə müayinə edirəm, həkim olmağımdan qürur duyuram. Düşünürəm, dünyada həkim peşəsindən  gözəl, humanist peşə yoxdur.

- Mərkəzi Gömrük Hospitalında hansı əməliyyatları icra edirsiniz?

-Elmi fəaliyyətimlə yanaşı, təbii ki, praktik fəaliyyətim də mənim üçün  önəmlidir. Mən Mərkəzi Gömrük Hospitalının ilk kadrlarından biri olmuşam. 2009-cu ildən burada çalışıram. Fəaliyyət göstərdiyim bu illər ərzində çalışmışam ki, mənə müraciət edən bütün xəstələrə əldə etdiyim bütün bilik və bacarıqlardan istifadə edərək tətbiq edim. Və düşünürəm ki, bu məndə alınır. Biz hospitalda həm ümumi cərrahi əməliyyatları – yoğun bağırsağın həm açıq, həm də laparoskopik əməliyyatlarını icra edirik, eyni zamanda cərrahi komanda olaraq anal bölgənin bütün xoş və bəd xassəli patologoyalarını özündə əhatə edən bir  iş fəaliyyətinə malikik. 

Qeyd edim ki, hər bir cərrahın uğurlu olmasının əsas səbəblərindən biri də onun komanda ilə birgə çalışmasıdır. Mərkəzi Gömrük Hospitalının Ümumi cərrahiyyə şöbəsi olaraq, biz artıq 15 ildir komanda şəklində işləyirik və bunun nəticəsidir ki, həm elmi nailiyyətlərimiz, həm praktik nəticələrimiz müsbət və qənaətbəxş hesab olunur.  

- Siz niyə bu sənəti seçdiniz?

- Əslində mənim bu sənətə gəlməyim təsadüfi deyil. Bu mənim uşaqlıq arzumdur. Hələ məktəbdən əvvəl, bağça yaşlarında idim, nənəm tez-tez xəstələnirdi və onu tez-tez həkimə aparırdılar. O vaxt mən uşaq ağlımla özümə söz vermişdim ki, böyüyəndə həkim olacağam və nənəmi sağaldacağam. Artıq məktəbdə oxuyarkən həkim olmağı qərara almışdım. Bu arzu həm məktəb illərində, həm də ali məktəbdə oxuyarkən mənim  məqsədimə çevrildi. Hər orta məktəbdə, həm ali məktəbdə əlaçı olmuşam. Hədəfim sadəcə yaxşı həkim olmaq idi. Və bu hədəfimə doğru daim inamla irəliləmişəm. 

- Bu sahədə mütəxəssis olmağa qərar verən şəxslər hansısa xüsusi keyfiyyətlərə malik olmalıdırlar?

-Hazırda həkim olmaq istəyənlərə, ümumiyyətlə hər hansı bir peşə sahibi olmaq istəyənlərə mənim tövsiyəm o ola bilər ki, hədəflərinizə doğru irəliləməyi bacarın. Məqsədli şəkildə irəliləməyi bacarın. Onda bütün nailiyyətləri əldə edə bilərsiniz.  Sadəcə hədəfə doğru irəliləməyi bacarsanız.  Hədəfə doğru irəliləmək təkcə arzu deyil, arzularınızın reallaşması üçün nələr etməyi bilmək lazımdır. Mən orta məktəbdə həkim olmaq üçün yaxşı oxumaq lazım olduğunu bilirdim. Və mən 1-ci sinifdən 11-ci sinfə qədər əlaçı olmuşam və bu mənə stimul verirdi ki, həkim ola biləcəyəm. İnstitut illərində də yaxşı cərrah olmaq üçün yaxşı oxumaq lazım idi və həmin illər bizim proqram rezidentura proqramlarından kənar idi və sovet dönəminin təhsil proqramlarına əsaslanırdı. Amma, düzünü deyim ki, o təhsil proqramı heç də indiki təhsil proqramından geri qalmırdı. O vaxt da öz əməyi ilə yüksələ bilən çoxlu sayda tələbələr var idi ki, onların arasında hazırda tibb elmində öz sözlərini deməyi bacarmış məşhur həkimlərimiz var. 

Təhsil sisteminin doğru və hədəfli olması yaxşı bir şeydir, amma düşünürəm ki, həyatda uğur qazanmağın ən böyük səbəbi insan özüdür. İnsan hədəflərini seçməyi bacarmalı, hədəflərinə doğru getməyi bacarmalı, uğursuzluqdan depressiyaya düşməməli, kiçik uğursuzluq insana yenidən ayağa qalxıb daha böyük uğurlara doğru addımlamaq üçün stimul verməlidir. Mənim həkim olmaq istəyənlərə, ümumiyyətlə həyatda öz yolunu seçmək istəyənlərə tövsiyəm bu ola bilər.

Həkim olmaq üçün təkcə kitabları oxumaq kifayət deyil. Eyni zamanda bu peşəni sevmək lazımdır. Sən onu qəlbinlə, ruhunla hiss etməlisən. Bəzən həkim olaraq elə hadisələrlə qarşılaşırıq ki, bunun heç bir elmi izahını da verə bilmirik, daxili hisslərimiz hesabına qərar verməli oluruq və nəticədə əmin oluruq ki, hisslərimizə əsasən verdiyimiz qərarlar bəzən doğru qərarlar olur. Bu sahəni seçmək istəyən gənc mütəxəssislərə tövsiyəm: birincisi, elmli və təhsilli, əməksevər, zəhmətkeş olmalıdırlar. Tənbəl olmamalı, ruh düşkünlüyünə qapılmamalı, əzmkar olmalıdırlar. Ən önəmli şeylər bunlardır. Ən əsası olduğu sahəni, peşəni sevməyi bacarmalıdır. Düşünürəm ki, bütün uğurların, nailiyyətlərin əsası budur. İnsan sevmədiyi peşədə özünü heç vaxt xoşbəxt hiss edə bilməz, xoşbəxt olmadığı sahədə isə heç vaxt uğurlu nəticələr əldə edə bilməz. Belə olduğu halda inanın ki, mükəmməl nəticələri özünüz görəcəksiniz.

- Cərrah olmaq istəyənlərə nə məsləhət görürsünüz? 

-Biz institut illərində ən xüsusi seçilən bir sahə var idi ki, bu da cərrahiyyə idi. Cərrah olmaq istəyənlər digər peşə sahiblərindən nə ilə fərqlənir? Onlar bir qədər daha cəsarətli olmaq, daha cəsarətli qərar verməyi bacarmalıdır. Çünki əməliyyat masasında bəzən anında bir qərar vermək tələb olunur ki, bu da insandan risk və cəsarət tələb edir.

Mən təkcə cərrah olmaq istəyənlərə deyil, həyatında yeni cığır açmaq istəyənlərə, gənc mütəxəssislərə, gənc həmkarlarıma onu  demək istəyirəm ki, sənətinizi sevin, öz üzərinizdə işləməyi bacarın, nailiyyətləri təqib etməyi bacarın, yeniliklərin dalınca getməyi bacarın, tənbəl olmayın, cəsarətli qərar verməyi bacarın. Təbii ki, bu qərarları verəndə elmə əsaslanın. Həkimlik yeganə sənətdir ki, ömrünün axırına qədər oxumalı, öyrənməli, yeniliyi təqib etməlisən. 


Müsahibəni apardı: 

Dilarə Zamanova, Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi.


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment