Son zamanlar mətbuat səhifələrində avtomobil sahiblərinin yanacaqdoldurma məntəqələrində onlara operatorlar tərəfindən yanacağın düzgün vurulmaması və ya yanacağın az verilməsi barədə şikayətlərinə tez-tez rast gəlinir.Bu kimi hallar Azpetrol Şirkətinin yanacaqdoldurma məntəqələrində də baş verir. Biz buna aydınlıq gətirərək bildiririk ki, hər bir avtomobilin yanacaq çəninin tutumu göstərilən ölçüyə (xəttə) qədər olan məsafə nəzərdə tutulur. Müştəri yanacaq çəninin tam doldurmasını sifariş edərkən həmin ölçüdən (xəttdən) yuxarı hissəyə qədər, yəni çənin boğazına kimi doldurulmasını istəyir. Təbiidir ki, bu da yanacaq çəninin normadan artıq yanacaq tutmasına səbəb olur. Məsələn, xarici avtomobillərinin markasından asılı olaraq yanacaq çəninə normadan artıq, yəni boğazına qədər daha 6-9 litr əlavə yanacaq vurmaq mümkündür. Sovet maşınlarına, xüsusən “VAZ-2107” markalı avtomobilinə isə normadan artıq 4 litr yanacaq vurmaq mümkündür. Müştərilər yanacağın düzgün vurulmamasından narazı qaldığı halda, bu zaman həmin məntəqənin direktoru tərəfindən müştəriyə operator tərəfindən nə qədər yanacaq vurulmasını məntəqədəki xüsusi ölçmə cihazı (menzurka) vasitəsilə yoxlanılır. Bu zaman əksər hallarda istehlakçının haqsız olduğu ortaya çıxır.
Onu da nəzərinizə çatdırırıq ki, ölçmə cihazlarında heç bir səhv ola bilməz, çünki həmin cihazlar Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək möhürlənir. Bu ölçmə cihazları yeni rəqəmsal avtomatlaşdırılmış qaydada idarə olunur. Ona görə də bu cihazlara müdaxilə etmək qeyri-mümkündür.
Dünyada ən düzgün və dəqiq ölçmə cihazları Yaponiyanın “Tatsuno” və Türkiyənin “Petposan” şirkətləri tərəfindən istehsal olunmuş ölçmə cihazlarıdır. Bizim Şirkətin də yanacaqdoldurma məntəqələrində istifadə etdiyi cihazlar yuxarıda qeyd olunan şirkətlər tərəfindən istehsal olunmuş cihazlardır. Bu cihazlar dünyanın ən müasir ölçmə cihazları hesab olunur və cihazların səhv etmək ehtimalı 0-a bərabərdir.
Biz, Azpetrol Şirkəti olaraq müştərilərimizə hər zaman yüksək xidmət göstərməyə və bizdən razı qalmalarına çalışırıq. Biz onları hər zaman məmnun etmək istəyirik, yoxsa müştərilərimizi özümüzdən niyə incik salaq ki?! Respublikamızın hər yerində istənilən qədər yanacaqdoldurma məntəqələri var və onlar digər yanacaqdoldurma məntəqələrinə üz tuta bilərlər. Yanacaq bazarında rəqabət olduğu halda, biz müştərilərimizi nədən itirək ki?!
Onu da qeyd edək ki, müştərilərimizə qarşı işçilərimiz tərəfindən göstərilən hər hansı səhv və ya kobud hərəkətə görə Şirkət rəhbərliyi tərəfindən həmişə ciddi tədbirlər görülür.