BMqT-nin Azərbaycan nümayəndəliyi azad olunmuş ərazilərdə çalışan əməkdaşlarının həyat və sağlamlığının təhlükəsizliyini təmin etmək məqsədilə onlar üçün “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” təlimi təşkil edib. İyulun 7-də Mingəçevir şəhərində keçirilən təlimdə nümayəndəliyin kankanları (kəhriz ustaları), operatorlar, texniki işçilər, mühəndislər və ofis işçiləri iştirak ediblər.
Təlimdə iştirakçılara təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları, eləcə də, müxtəlif növ mina və sursat maketlərinin nümayişi ilə onların törədə biləcəyi fəsadlar barədə məlumat verilib.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin təlimçiləri tərəfindən keçirilən təlim BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən işğaldan azad edilmiş Cəbrayıl rayonunda kəhrizlərin bərpası üzrə aparılan və planlaşdırılan işlər üçün xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının kankanları hazırda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Cəbrayıl rayonunun Horovlu kəndində ərazisində yerləşən Əsgər və Orta kəhrizlərində bərpa işləri aparırlar.
Ümumilikdə, adı çəkilən layihə çərçivəsində indiyədək Ağdam, Goranboy, Füzuli, Göygöl və Qazax rayonları ərazisində yerləşən 26 kəhriz bərpa edilərək təhvil verilmişdir.
Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək, icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.
Ümumilikdə, layihə Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin prinsiplərinin həyata keçirilməsi səylərinə bir sıra istiqamətlərdə töhfə verir. Bu istiqamətlərə yoxsulluğa son qoyulması və qida təhlükəsizliyinin təmin edilməsinə birbaşa təsiri olan ev təsərrüfatlarının daxili ehtiyacı və suvarma suyu ilə təmin edilməsi, qadınların imkanlarının artırılması və qərar vermə proseslərində iştirakının təmin olunması, aid olduqları icmalarda liderlik rollarının artırılması, ekoloji cəhətdən təmiz və dayanıqlı su təchizatı sistemlərinin bərpası, kəhrizlər və təhlükəsiz içməli suya əlçatanlığın gücləndirilməsi daxildir.