Müsahibə - Mircəlal Kazımi - Biznes portal Finance Time







   
1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 














Müsahibə - Mircəlal Kazımi


Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
2019-cu ildə Siz öz komandanızla birlikdə “yubiley” - 500-cü böyrək köçürülməsi əməliyyatını həyata keçirmisiz. Ötən 2019-cu il daha hansı hadisələrlə yadınızda qalıb?

2019-cu il bizim üçün tibbi tərəfdən uğurlu bir il oldu, həm də çox gərgin işlərimizlə yadda qaldı. Bildiyiniz kimi, 2019-cu ildə mənim rəhbərliyimlə 500-cü böyrək köçürülməsi əməliyyatı icra olundu.

Tale elə gətirdi ki, bu “yubiley” əməliyyatı Mərkəzi Gömrük Hospitalında baş tutdu. Bu fakt həm ölkəmiz, həm mənim üçün, həm də kollektivimiz üçün böyük hadisədir. Yəqin ki, 2019-cu ilin ən əlamətdar və yadda qalan hadisəsi kimi də xatirimizdə qalacaq.

Ötən il komandamız ciddi və gərgin şəkildə fəaliyyət göstərdi. Belə ki, il ərzində 107 nəfər xəstəyə orqan transplantasiyası əməliyyatı edilib, bunlardan 51 nəfərə qaraciyər transplantasiyası, 56 nəfərə isə böyrək transplantasiyası əməliyyatı etmişik. Çox ağır xəstələrimiz də oldu, amma müalicənin nəticələri olduqca qənaətbəxş oldu.

İl ərzində 9 uşaq üzərində orqan transplantaiyası əməliyyatını müvəffəqiyyətlə icra etdik.
Bu ili digər illərdən fərqləndirən cəhət ondan ibarət oldu ki, bu il daha çox əməliyyat icra etdik, daha çox insanı sağlamlığına qovuşdura bildik.

İşiniz belədir ki, Siz daim xilas olmaqdan əllərini üzən insanların ümidləndiyi vəziyyətlərlə qarşılaşırsınız. Siz bu emosiyalarınızı necə idarə edirsiniz? Transplantoloq olmaq – nə dərəcədə çətindir?

Mən hər şeydən əvvəl, cərraham. Hər gün onlarla xəstə ilə qarşılaşıram. Hər kliniki hadisə bizim üçün xüsusidir, hər bir pasiyent bizim üçün önəmlidir, onların hər birinə biz fərdi yanaşmağa çalışırıq.

Hər əməliyyata girəndə, təbii ki, bütün insanlar kimi həyəcanlanıram. Necə deyərlər, insanlara xas olan insanlıq bizə də yad deyil. Təbii ki, mən də bütün cərrahlar kimi hər əməliyyatdan qabaq həyəcanlanıram.

Mən Sizə bir hadisəni danışım... Bir xəstəm vardı, 11 yaşlı uşaq. Qaraciyər sirrozundan əziyyət çəkirdi. Onun üzərində anasının donorluğu ilə qaraciyər transplantasiyası əməliyyatı icra etdik. Etiraf edim ki, çox ciddi və mürəkkəb əməliyyat idi. Əməliyyatdan sonra tez-tez ona baş çəkirdim.

Hiss edirdim ki, mənə inanır, sağalmağa can atır. Ötən ilin iyul ayı idi, artıq onu evə buraxmaq qərarı vermişdik. Yanına gəldim, evə hazırlaşırdı. Hal-əhval tutdum, xeyli söhbət etdik və sonda ondan soruşdum ki, mənə sözün varmı? Balaca heç nə deməyib boynuma sarıldı! O an mənim nələr keçirdiyimi təsəvvür edin... Bu nə demək idi? Bəlkə də həyatım boyu mənə və zəhmətimə verilən qiymətin, dəyərin, edilən təşəkkürlərin, “sağ ol”ların ən şirini, ən səmimisi, ən doğması idi!..

Transplantoloq kimi isə deyə bilərəm ki, transplantologiya hələlik səhiyyədə insan həyatını xilas etməyin ən çətin və mürəkkəb yollarından biridir. Əvvəllər ancaq elmi-fantastik kitablarda oxuduğumuz hadisələr indi reallığa çevrilir.

Hər il dünyada minlərlə insan məhz transplantoloqlar tərəfindən həyata qaytarılır. Bu, dünya səhiyyəsinin ən gözəl nailiyyətlərindən biridir. Mən də fəxr edirəm ki, bu nəcib işin öhdəsindən gəlmək mənə də nəsib olub. Pasiyentlərimizin hər biri bizim üçün individualdır, hər birinə bağlılığımız var, hər birinə fərdi yanaşırıq.

Ötən il Sizin fəaliyyətinizdə ilklər olubmu? Olubsa, bu barədə bir qədər məlumat verərdiniz.

Ötən il fəaliyyətimizdə bir ilkə imza atdıq. Bu, tək bizim Hospitalın kollektivin deyil, bu səhiyyəmizin bir ilki idi. Belə ki, 5 yaşlı uşaq üzərində ciddi əməliyyat həyata keçirdik. Bu əməliyyata qərar verməyin özü də asan deyildi. Valideynləri bizə müraciət etdiyi uşaq qaraciyər çatışmazlığından əziyyət çəkirdi.

Xəstənin diaqnozu hiperlipidemiya idi. Müayinələr edildikdən sonra bəlli oldu ki, qanda lipidlərin artması nəticəsində xəstənin ana damarları, xüsusilə də ürəyini qidalandıran tac damarlar tıxanıb və 90%-ə yaxın bir darlıq yaranb. Bu, ürək damarları üçün çox kritik bir darlıqdır.

Hər an uşağın həyatına son qoyula bilərdi. Ürək cərrahları ilə məsləhətləşdik və belə qərara gəldik ki, bu xəstəmizə eyni seansda həm ürək damarlarında aorta koronar şuntlama, yəni ürəyin tac damarının şuntlanması və qaraciyər transplantasiyası əməliyyatı edək.

Ölkəmizdə tanınmış ürək cərrahı Dr.Rəşad Mahmudov və onun rəhbərliyi altında komanda ilə ilk dəfə - uşaq ürəyi üzərində tac damarların by pass əməliyyatı etdik. Bu, bizim ölkəmizdə bir yenilik idi. Bu, eyni zamanda süni qan dövranı aparatına girmədən icra olunan əməliyyat oldu. Əməliyyat nə qədər riskli, ciddi olsa da, müvəffəqiyyətlə bitdi.

Bu əməliyyatın ardınca biz, doktor Kamran Beydullayevin əmisindən əməliyyat yolu ilə çıxardığı qaraciyər sol payını 5 yaşlı körpəyə transplantasiya etdik. Artıq bu xəstənin əməliyyatından bir neçə ay keçib. O, normal vəziyyətdədir, öz həmyaşıdları ilə oynaya bilir, yaxın gələcəkdə təhsil almaq üçün məktəbə hazırlaşır.

Peşənizdə hansı çətinliklərin öhdəsindən gəlmək lazım olur?

2019-ci ildə icra etdiyimiz əməliyyatlar arasında qaraciyər və böyrək transplantasiyaları əməliyyatlarından başqa digər mürəkkəb ümumi cərrahi əməliyyatlar da icra etmişik. Belə ki, mən Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 5 il ümumi cərrahiyyə təhsili, 3 il orqan transplantasiyası təhsili almışam. Orqan transplantasiyası əməliyyatlarını icra edən cərrah bütün ən mürrəkkəb cərrahi əməliyyatları icra edə bilən cərrahdır.

Dediyim kimi, bu ötən il ərzində 107 orqan transplantasiyası əməliyyatından (bunlardan 51-i qaraciyər, 56 böyrək transplantasiyası əməliyyatı) əlavə olaraq, mürəkkəb ümumi cərrahi əməliyyatlar, qaraciyər rezeksiyası, mədə altı vəzi əməliyyatları, öd kisəsi və öd yolları üzərindəki mürəkkəb əməliyyatlar tərəfimizdən 2019-cu ildə icra olundu.

Çətinliklərə gəldikdə isə, hər bir peşənin öz çətinlikləri var. Bizim peşə bilavasitə insanlarla, onların həyatı ilə bağlıdır. Mənim ən zəif yerim, deyərdim ki, uşaqlardır – balaca pasiyentlər. Onların həyatını xilas edəndə çox sevinirəm, öz insanlıq borcumu yerinə yetirmiş oluram.

Hansı yeni zirvələri fəth etməyə hazırlaşırsınız? 2020-ci il Sizə nələri vəd edir?

Təbabət elmi inkişaf edir, sabit qalmır, səhiyyə dayanmadan inkişaf edir. Biz də bu inkişaf etmiş sahələri tutmağa çalışırıq. Gələcək planlarımız içərisində istər orqan transplantasiyası, istər ümumi cərrahiyyədə yenilikərə imza atıb insanların sağlamlığının keşiyində durmağı xəyal edirik.

MGH-nın bütün kollektivi insanların xidmətindədir. Mərkəzi Gömrük Hospitalı multidistiplinar xəstəxanadır, bütün profillərdə yüksək səviyyədə xidmət göstərir və ona görə də, 2020-ci ildə daha gözəl nailiyyətlər əldə etməyi hədəfləyirik.

Müsahibəni apardı
Dilara Zamanova
PR mütəxəssis


04/02/2020


     



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment