Bu xəstəliklərə ilk növbədə, oynaq artrozları, dayaq-hərəkət aparatının travmaları, vətər kəsilmələri, onurğa sütununun xəstəlikləri, periferik sinirlərin travmatik zədələnmələri və müxtəlif ortopedik patologiyalar aiddir.
Travmatologiya və ortopediya son illərdə texnoloji və elmi inkişaf nəticəsində ən sürətlə irəliləyən, dəyişən, əhatəsini genişləndirən sahələrdən birinə çevrilib. Hazırda Azərbaycanın tibb müəssisələri dayaq-hərəkət sistemi xəstəliklərinin diaqnostikası və müalicəsində ən müasir tibbi avadanlıqlarla və beynəlxalq təcrübəyə malik yüksəkixtisaslı həkimləri ilə əhalinin xidmətindədir.
Əsasən yol qəzaları, yüksəklikdən yıxılma və istehsalat qəzaları ilə bağlı müraciət edən xəstələrin sayı daha çox olur. Düzdür, hazırda pandemiya dövrü ilə əlaqədar travmatoloji xəstəliklərin sayında bir qədər azalma var.
Belə ki, karantin rejimi qaydalarına uyğun olaraq insanlar vaxtını daha çox evdə keçirir. Buna baxmayaraq, artroz xəstələrini maraqlandıran çoxlu suallar vardır. Bunu nəzərə alıb suallarımızı Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu Müseyib Əhmədova ünvanladıq.
-Doktor, artroz xəstəliyini ilkin dövrdə müalicə etməklə qarşısını almaq olarmı?
-Statistikaya əsasən son dövrlərdə artroz xəstələrinin sayı artıb. Bunların arasında əsasən diz-oynaq, bud-çanaq oynağı artrozu xəstəlikləri yer alır. Təəssüf ki, xəstələr adətən diz və bud-çanaq oynaqlarında 3-cü və ya 4-cü dərəcəli artroz şikayətləri ilə müraciət edirlər.
Bunlar xəstəliyin gecikmiş formaları sayılır. Bu cür artrozlu xəstələrdə biz məcburən oynaqların süni protezləşməsi olan endoprotez əməliyyatını seçirik. Belə xəstələrə tövsiyəmiz ondan ibarətdir ki, ağrıların ilk əlamətini hiss edərkən həkimə müraciət etsinlər. Belə olduğu təqdirdə əməliyyata da ehtiyac qalmır. Başqa sözlə desək, vaxtında aparılmış profilaktika xəstəliyin irəliləməsinin qarşısını ala və sümük sağlamlığını uzun müddət qoruya bilər.
Ortopediyaya aid bir çox xəstəlikləri innovasiya texnologiyalarından istifadə etməklə aradan qaldırmaq olar. Sümüklərin sınması zamanı hazırda intramedulyar ştiftlər və metal lövhələrin vasitəsi ilə azinvaziv osteosintez metodlardan istifadə edilərsə, pasiyentlər qısa müddətdə müalicə olunur. Xəstə tez bir zamanda aktiv həyata qayıdır.
Burada fəsadlar riski çox minimaldır. Kosmetik effekt isə əladır. Ortopedik xəstəliklərin inqilabi metodlarından biri oynaqların endoprotezləşdirilməsidir. Bu, hətta müalicədən qabaq sərbəst yeriyə, hərəkət edə bilməyən yaşlı insanlara belə tam yaşamaq sevinci bəxş edir.
- Mərkəzi Gömrük Hospitalında travmatoloji və ortopedik xəstəliklərlə bağlı hansı cərrahi əməliyyatlar yerinə yetirilir?
-Hospitalda travmatoloji və ortopedik xəstəliklərlə bağlı bütün cərrahiyyə əməliyyatları icra edilir. Ən əsası isə xəstələr əməliyyatdan öncə və sonra reabilitasiya proqramına qoşulur və onların fizioterapiya üzrə müalicələri aparılır.
-İndiki dövrdə, koronavirus pandemiyası ilə əlaqədar sizə müraciətlərin sayı azalıbmı?
-Bəli, COVİD-19 pandemiyası davam etdikcə, məktəblərin və uşaq bağçalarının bağlandığı, insanlar evdə oturduqları bir dövrdə travmaların da sayı azalıb. Belə ki, uşaqlar evdən çıxmır, velosiped və diyircəkli baysikllərdən yıxılma, idman oyunları zamanı zədə almalar olmur. Eləcə də, karantin rejimində küçələrdə avtomobillərin azalması yol-nəqliyyat qəzalarının da bir qədər qarşısını alıb.
-Sonda izləyicilərimizə hansı məsləhətləri vermək istərdiniz?
-Koronavirus pandemiyası dövrü hələ bitməyib və bu xəstəliyin tam aradan qaldırılması müddəti də məlum deyil. İnsanların zərurət olmadan evdən çıxmaması ilə əlaqədar olaraq, evdə qaldıqda da, hərəkətsiz qalmasınlar, yüngül idman hərəkətləri etsinlər, yəni hərəkətin məhdud olduğu bir şəraitdə hərəkətsiz qalmasınlar. Evin havasını tez-tez dəyişib idman məşğələlərini icra etsinlər.
15/05/2020