Uğur hekayəsi - Çimnaz Qasımova - Biznes portal Finance Time





Uğur hekayəsi - Çimnaz Qasımova


Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
İnsan resurslarının idarə olunması, təşkilatı inkişaf və karyera kouçinqi sahəsində 25 ildən artıq beynəlxalq təcrübəyə malik mütəxəssisdir.

O, fəaliyyətini həm qlobal korporasiyalarda, həm də liderliyin inkişafı, komandaların transformasiyası və fərdi böyüməyə dəstək istiqamətində öz layihələrində uğurla davam etdirmişdir. O, bu gün də fəaliyyətini davam etdirən Opalus Partners Group konsaltinq şirkətinin təsisçisi və idarəedici tərəfdaşıdır.

Şirkət təşkilatlara və fərdi müştərilərə strateji HR həlləri, kouçinq və mentorluq proqramları, eləcə də insan potensialının inkişafı sahəsində xidmətlər təqdim edir. Opalus çərçivəsində həyata keçirilən proqramlar yalnız funksional deyil, eyni zamanda dərin, mənalı və insana yönəlik yanaşmaya əsaslanır.

Çimnaz Qasımova illər boyu sadəcə proseslər qurmayıb, strategiyalar tətbiq etməyib - o, insanlara öz daxilində dayaq tapmağa yardım edib, canlı peşəkar icmalar yaradıb, liderləri ruhlandırıb və karyera, məna və enerjinin bir bütöv kimi harmoniyada inkişaf etdiyi mühitlər formalaşdırıb.

Son illər onun həyatında dərin daxili transformasiya dövrü olub. Məhz bu təcrübə ona təkcə peşəkar deyil, həm də ruhani baxımdan yeni mərhələyə keçid imkanı yaradıb. Bu gün o, öz bilik və həyat müdrikliyini Rebirth adlı yeni müəllif platformasında birləşdirərək başqalarına dəyişikliklərdən qorxmadan, inamla və mənəvi bütövlüklə keçmək üçün ilham verir.




Çimnaz xanım, 2024-cü il sizin üçün necə keçdi? Bu il ürəyinizdə və yaddaşınızda hansı izlərlə xatırlanır?

2024-cü il mənim üçün dərin təhlil və yenidən dərk dövrü oldu. Elə bil ki, iç dünyamda hər şey öz yerini tapdı. Bu il zahiri fəallıqla və ya parlaq hadisələrlə yadda qalmadı, əksinə, olduqca daxili, müşahidəçi və hətta səssiz keçdi. Məhz bu səssizliyin içində mən gerçəkdən özümü tapdım.

Demək olar ki, dünyaya baxışım tam dəyişdi. İnsanlara, sözlərə, özümə münasibət dəyişdi. Dərin bir anlayış gəldi: həyatda həqiqətən dəyərli olan hər şey insanın içindən başlayır. Dərindən anladım ki, əsas nə status, nə başqalarının təsdiqi, nə də tanınmaq deyil. Özümüz o dərəcədə dürüst olmalıyıq ki, inamla dəyərli həyat sürək.

Bu il mənim üçün inama qayıdış ili oldu, din kimi yox, canlı bir varlığın, Tanrının hər zaman yanımda olduğunu hiss etmək kimi. Elə anlar oldu ki, baş verənləri tam anlamırdım, amma içimdə bir hiss var idi: bu dövrlərin də bir mənası var, sadəcə mən onu hələ görmürəm.

Mən çox şeyi məhz fasilələrlə, qeyri-müəyyənliklərlə, nəzarəti buraxmaqla və baş verənləri olduğu kimi qəbul etməklə öyrəndim.

Yəqin ki, bu ilin mənə öyrətdiyi ən əsas dərs - etibar etmək oldu. Həyata. Tanrıya. Özümə. Hər şeyi izah etməyə çalışmadan, hər şeyi sübut etmədən, hər şeyi nəzarətdə saxlamadan. Sadəcə var olmaq. Və baş verənlərə də maneəçilik törətməmək yaxşı olar.

Bu il asan keçmədi, amma dürüst oldu. Və məhz buna görə minnətdaram. Çünki belə dövrlərdə insanın içində gerçək bir yenilənmə doğur. Həqiqi bir dirçəliş.



İnsanlarda ən çox hansı keyfiyyətləri qiymətləndirirsiniz?

2024-cü ildə keçirdiyim daxili hisslərdən sonra bir şeyi daha yaxşı anladım: fiziki yox, məhz ruhən yaxın adamlar daha doğma olur. Yəqin ki, illər ötdükçə, yaş və təcrübə ilə əlaqədar insan artıq görünüşü, parıltını yox, təmizlik və saflığı dəyərləndirir.

Mən səmimi insanlara çox hötmətlə yanaşıram. O səmimiyyətə inanıram ki, rol oynamır, başqalarını təkrarlamır, gürultulu ifadələri işlətmir. Mən səmimi insanlara, xoşa gəlməmək xatirinə yox, olduqları kimi hərəkət edənlərə daha çox dəyər verirəm. Mənə görə dürüstlük, hətta bəzən susduqda belə hiss edilən sükut, daha vacibdir.

İnsanlardakı inamı xüsusilə qiymətləndirirəm. Özüdə bu inam yalnız dində deyil, bütövlükdə həyatında öz əksini tapanda özün, Tanrı ətrafdakılarla bağlı olmaq – bu , səssiz ,lakin çöx dərin hiss olur.

Mənə yaxın olan insanlar - özlərini cilovlamağı bacaran, amma soyuq olmayanlardır. Mərhəmətli, amma sərhədsiz deyil. Güclü, amma sərt olmayan. Və yəqin ki, insanlarda ən çox dəyərləndirdiyim keyfiyyət - dərinlikdir. Elə bir hiss var ki, qarşındakı sadəcə bir rol deyil, canlı bir ruhdur. Gerçək bir varlıq.



Siz uzun illər insanlarla - insan resursları sahəsində çalışmısınız. İllər boyu yüzlərlə namizədlərlə görüşmüsünüz. Bəs bir insanı sadəcə CV və ya peşə rolu kimi deyil, həqiqətən, bir şəxsiyyət kimi görməyə sizə nə kömək edirdi?

HR sahəsindəki illər ərzində bir şeyə daha da əmin oldum: rəsmi CV insanın yalnız bir tərəfidir. Bəli, təcrübə, bacarıqlar və peşəkar keyfiyyətlər önəmlidir. Amma mənim üçün hər zaman əsas məsələ – qarşımda kiminsə bir insan kimi kimliyini duymaq olub. O nə qədər açıqdır? Necə ünsiyyət qurur? Baxışı necədir? Reaksiyası necədir? Bəzən sadə bir “salam” insana dair elə bir təəssürat yaradır ki, onu heç bir təqdimat verə bilməz.

Mən həmişə canlı detallara diqqət yetirirdim. İnsan nə qədər inamla cavab verir, bu məni o qədər də maraqlandırmırdı. Mənim üçün daha önəmlisi o idi ki, o necə düşünür, necə dinləyir, pauzanı necə tutur, cavabı bilməyəndə necə davranır. Bütün bunlar əzbərlənmiş cümlələrdən qat-qat önəmlidir. Axı biz mətni deyil, insanı işə götürürük. Və insanın özü kimi qala bilmə bacarığı - onun portfelindəki ideal göstəricilərdən çox daha dəyərlidir.

Məni həmişə qəbul etdiyimiz şəxsin komandaya necə uyğun gələcəyi, alışacağı düşündürürdü. O, özünü sadəcə bir mütəxəssis yox, insan kimi də doğruldacaqmı. Bəzən namizəd peşəkar cəhətdən çox güclü olur, amma daxili uyğunluq hiss olunmur - və bu da dürüst yanaşmadır. Bəzən isə əksinə olur: kağız üzərində hər şey ideal deyil, amma içində bir hiss var - bu, “bizim adamdır”. Yəqin ki, mənə həmişə ən çox kömək edən keyfiyyət - insanı həqiqətən dinləmə bacarığım olub.

Formal olaraq yox, “gərək dinləyim” deyə yox, maraqla və diqqətlə. Tələsmədən, dərhal qiymət verməyə və ya kiməsə ad qoymağa çalışmadan. Sadəcə insana “olmağa” imkan verdikdə, o tamam başqa cür danışmağa başlayır - daha sakit, daha səmimi, daha yaxın. Və elə həmin anda ortaya çıxır ki, müsahibələrdə adətən görünməyən şeylər nədir: motivasiya, həyata münasibət, insanlara və özünə olan baxış. Bax, bunlar əsl dəyərdir.



Bu gün ətrafda çoxlu mütəxəssislər var - kouçlardan tutmuş mentor və psixoloqlara qədər. Sizcə, insan öz daxili dünyasını etibar edəcəyi şəxsi necə tanıya bilər? Kimə həqiqətən güvənmək olar?

İnsanın özünün bu yoldan keçməsi, özünü bu sahədə sınaması çox vacibdir. Düşünürəm ki, insanın həyatında önəmli bir mərhələdə yanında olacaq şəxsi seçmək - sadəcə bir xidmət seçimi deyil. Bu, güvən məsələsidir. Hisslərlə bağlıdır. Bəzən izah etmək mümkün olmayan, amma içindən gələn bir “bəli” ilə bağlıdır. Bu hiss hər şeydən əvvəl gəlir - və məhz ona qulaq asmaq lazımdır.

Hər şeydən əvvəl mən həmin mütəxəssisin öz halına diqqət edərdim. Səs-küylü sözlərə, sosial şəbəkələrdəki üslubuna və ya diplomlara yox, onun necə danışdığına, necə məkan saxladığına, sən onun yanında dayaq hiss edirsənmi, yoxsa təzyiqmi - bax, bunlara. Həqiqi müşayiət səssizlikdən və hörmətdən başlayır. Ondan başlayır ki, qarşındakı insan səni dərhal xilas etməyə, dəyişməyə və ya izah etməyə tələsmir - sadəcə yanında olmağı və səni ürəkdən dinləməyi bacarır.

Çox vacibdir ki, bu insan özü də o yoldan keçmiş olsun. Sadəcə oxumamış, sadəcə təhsil almamış, sadəcə sertifikat qazanmamış, həqiqətən bir transformasiyanı yaşamış olsun. Ruhu ilə. O, çaşqınlığın, itkinin, axtarışın nə olduğunu bilməlidir. Və yalnız ordan çıxmaqla kifayətlənməyib, özünü yenidən qurmağı bacarmalıdır. Yalnız bu halda o, başqasını müşayiət edə bilər - roldan yox, təcrübədən. Rəhm hissindən. Dərinlikdən.

Mənə şəxsən həmişə o insanlar yaxın olub ki, gözlərində bir sakitlik var. Öz dəyərlərini sübut etməyə çalışmırlar - onu sadəcə yayırlar. Ağrı yaşamış, amma qəlbini sərtləşdirməmiş insanlardır. Yanında olmağı bacaran, sənin gücünü əlindən almayan, əksinə, sənin öz gücünü xatırlamağına kömək edən insanlardır.

Yəqin elə buna görə də mənim “Rebirth” - “Dirçəliş” adlı platformam yarandı. Çünki bu gün yaratdığım heç bir şey nə metod, nə layihə, nə də sadəcə ideyadır. Bu, mənim yolumun nəticəsidir. İtkilərimin, daxili təkliyimin, güzgüyə dürüst baxmağımın və özümə uzun-uzun qayıdışımın nəticəsi.

Mən heç vaxt kiməsə nəsə öyrətməyə can atmamışam. Mənim üçün əsas olan - həqiqətən yaşanmış olanı paylaşmaq idi. Elə bir məkan yaratmaq istəyirdim ki, orada insan öz ağrısını gizlətməyə, rol oynamağa məcbur olmasın. Sadəcə özü ola bilsin. Və məhz bu “özündə olmaq” halında öz gücünü yenidən tapsın.



Həyatınızın ən çətin anlarında sizə dayanıqlı qalmağa nə kömək edirdi? Nəyə söykənirdiniz, nə sizi ayaqda saxlayırdı?

Hər şeydən əvvəl - bu, inam idi. Canlı, gerçək bir inam. Nəzəriyyə kimi yox, içdən gələn bir hiss kimi - tək olmadığını bilmək hissi. Mən həmişə bilirdim ki, məndən uca bir güc var - O, məni aparır, qoruyur, qayğıma qalır. Hətta ağrılı və ya qorxulu anlarda belə hiss edirdim ki, baş verənlər səbəbsiz deyil. Burada bir məna var - mən onu hələ anlamasam da, o var.

Mənə çox kömək edən ikinci bir şey - özümə olan güvəndir. Heç vaxt ruhumun hiss etdiyinə qarşı getməmişəm. İçimdə səssiz bir istək və ya ani bir impuls yarananda bilirdim: bu, səbəbsiz deyil. Zamanla mən öz intuissiyamı eşitməyi öyrəndim. Və illər keçdikcə o, mənim ən dəqiq bələdçimə çevrildi. Ağlın qarışdığı anda da o səhv etmir.

İnsanları mühakimə etməməyi çalışıram. Hər kəsin öz həqiqəti, öz hekayəsi, öz ritmin olduğunu dərk edirəm. Mənə yanlış görünən bir seçim digər üçün yeganə bir çıxış yolu ola bilər. Və yaxud da, əksinə, insanların fərgliyiyi də gözəldir.

Amma bir məqamda mən bir şeyi dərk etdim: artıq özümə qarşı çıxmaq istəmirəm. Əgər haradasa özümü narahat hiss edirəmsə, əgər kiminləsə yan-yana ikən içimdə yadlıq duyulursa - sadəcə gedirəm. Necə ki, bədən ağrısına dözmürük, eləcə də, məncə, ruhun ağrısına da məcbur edilə bilməzsən.

Mənim dayanıqlığımı qoruyan - Tanrıya, övladlarıma, həyata və yanımda olan insanlara olan sevgidir. Bu sevgi istənilən planlardan daha güclü dayaqdır.

Bir də - mənimlə artıq baş vermiş möcüzələrin xatirəsi. İnsan bircə dəfə yuxarıdan dəstəkləndiyini hiss edirsə, o hissi heç vaxt unuda bilmir. O hiss sonradan sənin əsasına çevrilir.

Və yəqin ki, ən vacibi - bu həyatda təsadüfi olmadığını dərk etməkdir. Mənim bir vəzifəm var: xeyir vermək, faydalı olmaq, bacardığım qədər işıq saçmaq. İnsanın ruhu öz taleyi ilə birləşəndə, artıq müvəqqəti fırtınalardan qorxmur. Sadəcə yoluna davam edir. Sakitcə, amma inamla.



Siz öz həyat yolunuzla və dəyərlərinizlə övladlarınıza nəyi ötürməyə çalışırsınız? Onlar üçün hansı mesaj ən önəmlidir?

Yəqin ki, övladlarıma öyrətmək istədiyim ən əsas dəyər - özlərinə qarşı dürüst olmaqdır. Başqasının rolunu oynamamaq, gözləntilərə uyğunlaşmaq üçün özlərini itirməmək, təkcə qəbul olunmaq naminə dəyişməmək. Mən istəyirəm ki, onlar daim hiss etsinlər: həyatdakı ən vacib şeylər artıq onların içindədir.

Əgər bunu qoruya bilsələr, qarşılarına çıxan istənilən yolu keçə biləcəklər. Mən çalışıram öz nümunəmlə göstərim ki, insan eyni anda həm güclü, həm də yumşaq ola bilər. Səhv edə bilər, yıxıla bilər, yolunu dəyişə bilər - amma ləyaqətini itirmədən. Mən mükəmməl deyiləm, amma həyatı gerçəkdən yaşayıram. Və inanıram ki, övladlarım bunu hiss edirlər.

Mən istəyirəm ki, övladlarım bir şeyi bilsinlər: onların həyatı başqalarına anlaşılan olmaq məcburiyyətində deyil. Əsas odur ki, bu həyat onlar üçün gerçək olsun. Mən onlara öyrədirəm ki, hisslərdən qorxmasınlar, zəiflikdən utanmasınlar, təşəkkür etməyi və üzr istəməyi bacarsınlar, hətta çətinliklərin içində belə gözəlliyi görə bilsinlər.

Mən istəyirəm ki, onlar bir şeyi bilsinlər: sevgi - bu, nəzarət deyil, azadlıqdır. Tanrı - qorxu yox, qayğıdır. Ən vacib olan - “uğurlu” görünmək yox, özünlə barışıq içində olmaqdır. Əgər bir gün onların yolu çətinləşsə, istəyirəm xatırlasınlar ki, mən də öz yolumdan keçmişəm. Mükəmməl olmadan, amma inamla, açıq qəlblə və həyata hörmətlə. Düşünürəm ki, yoluna uğurla davam etmək üçün bu hisslər kifayət edər.



Yaxın gələcək üçün qarşınıza hansı məqsədləri qoymusunuz? Sizin üçün bu mərhələdə nələr ön plandadır?

Hazırda mənim əsas diqqətim - öz həqiqətimə uyğun yaşamaqdır. Özümü kiməsə uyğunlaşdırmadan, tələsmədən, yarışa girmədən. Sadəcə öz ritmimlə getmək və həqiqətən inandığım şeyləri etmək. Elə bir dövrə qədəm qoyduğumu hiss edirəm ki, artıq heç nəyi sübut etmək istəmirəm. Sadəcə, danışığım və hərəkətlərim ilə, varlığımı sübut etmək istəyirəm.

Mən hazırda “Rebirth” (Dirçəliş) adlı platforma yaradıram - bu, insanlarla iş təcrübəmin, kouçluq və mentorluq bacarıqlarımın, mənəvi inkişaf yolumun bir araya gəldiyi bir məkandır. Bu, sadəcə şəxsi layihə deyil. Bu, üzərində tam model kimi işlədiyim bir transformasiya sistemidir - mərhələləri, praktikaları, inkişaf potensialı, digər mütəxəssislərin cəlb olunması və eyni zamanda maarifləndirici və dəstəkverici bir icmanın qurulması imkanı ilə.

Məqsədim - “Rebirth” platformasını tanınan, faydalı və dəyərli bir sistemə çevirməkdir.

Bununla paralel olaraq mən bir kitab yazıram. Tonu çox şəxsi olacaq, amma “özüm haqqında” deyil. Bu, daxili dirçəlişin hekayəsidir - və mən inanıram ki, bu hekayədə həm qadınlar, həm də kişilər özlərini tanıyacaqlar.

Bu kitabın bir neçə dilə tərcümə edilməsini arzulardım. Bu, elə bir kitab olsun ki, onu diqqətlə, maraqla, tələsmədən oxusunlar, sonra da başqalarına ötürsünlər.



Bunlardan əlavə, mən beynəlxalq tərəfdaşlıqlar qurmağı, çıxışlar etməyi, həm təşkilatlarla, həm də fərdi insanlarla işləməyi planlaşdırıram - elə insanlarla ki, onlar üçün yalnız strategiyalar deyil, daxili dayanıqlıq, məna və şəxsi enerji də önəmlidir. Son illərdə bir şey tam aydın oldu: peşəkar inkişaf şəxsi dərinlik olmadan mümkün deyil. Və mən bu hərəkətin - yetkin, etik və canlı bir yolun - bir parçası olmaq istəyirəm.

Və əlbəttə, övladlarımın yanında olmaq da mənim üçün çox önəmlidir. Bu bir məqsəd deyil. Bu, həyatımın bir hissəsidir. Və bu yolda da - hər sahədə olduğu kimi - sevgi, diqqət və minnətdarlıqla öyrənməyə davam edirəm.

Əgər sadə desək, mən nə marka qururam, nə də tərcümeyi-hal yazıram. Mən məna qururam. Və bunu artıq keçdiyim yolun hər bir mərhələsinə hörmətlə edirəm


21/04/2025


     



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment