Uğur hekayəsi - Fidan Əzimli və Elçin Əzimli - Biznes portal Finance Time







   
1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 














Uğur hekayəsi - Fidan Əzimli və Elçin Əzimli


ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
2011-ci ildə birlikdə təsis etdikləri ALPHA Coaching & Consulting şirkəti artıq 13 ildir ki, kouçinq, konsaltinq və peşəkar biznes təlimləri üzrə xidmətlər təqdim edir.

Elçin Əzimli eyni zamanda yazıçılıq fəaliyyəti ilə məşğul olur və o, oxucular tərəfindən sevilən “Dan ulduzu” və “Çağrı” kitabların müəllifidir. 

İlk sualımız Fidan xanıma olacaq. Fidan xanım, biz bilirik ki, siz həyat yoldaşınızla birlikdə beynəlxalq dərəcəli peşəkar kouçlarsınız. Bəs kouçinq sizin öz həyatınıza nələr gətirib?

Fidan Əzimli: Kouçinq bilikləri ilə biz 2016-cı ildə tanış olmuşuq. O zamanlar Azərbaycanda kouçinq təhsili olmadığından xaricdə oxumalı olduq. Həmin ildən başlayan maraqlı  və həyəcanlı kouçinq səyahətimiz hələ də davam edir. Bu illər ərzində öyrəndiyimiz o oldu ki, kouçinq sadəcə biliklər toplusu deyil, eyni zamanda həyat tərzidir. Kouçinqdə çox vacib bir qayda var – öz üzərində davamlı şəkildə işləməlisən.

Elçinlə mənim kouçinq üzrə qazandığımız beynəlxalq dərəcələr nə qədər yüksək olsa da, yenə də hər 3 ildən bir onları yeniləmək üçün yeni biliklərə yiyələnməliyik və həmin səviyyəyə layiq olduğumuzu isbat etməliyik. Bu qaydalar tamamilə fərqli həyat tərzinə yol açır: dəyişkən həyatının nəbzini daim tutmalısan, davamlı öyrənməlisən və mütəmadi şəkildə özünü obyektiv qiymətləndirməyi bacarmalısan.

Kouçinqin həyatımıza gətirdiyi digər vacib dəyişiklik seçim etməklə bağlı oldu. Düzgün seçimlər etməyimiz üçün biz özümüzü yaxşı tanımalıyıq, bəzən məşğul olduğumuz və bəyəndiyimiz fəaliyyət növü həyata daha böyük rakursdan baxanda əslində heç də cazibədar görünməyə bilər.

Kouçinq vasitəsi ilə biz bəzi fəaliyyətləri, köhnə vərdişləri, zərər gətirə biləcək münasibətləri azaltdıq və ya tam dayandırdıq. Bu seçimlər bizə həyatda yeni nəfəs kimi oldu, getdiyimiz yolları daha çox qiymətləndirməyə başladıq və ünsiyyətdə olduğumuz insanlara daha böyük dərəcədə müsbət təsir göstərmək üçün özümüzü inkişaf etdiririk.



Elçin Əzimli: Fidanın dediklərinə bunu əlavə edə bilərəm ki, kouçinq bizim üçün zəngin ünsiyyət formasıdır. O, özündə ünsiyyətin çox vacib bacarıqlarını ehtiva edir. Misal üçün biz kouçinq sessiyaların dərin şəkildə qulaq asaraq aysberqin görünməyən tərəflərini görməyə, deyilməyənləri eşitməyə çalışırıq.

Bizə görə kouçinq sadəcə sözlü – verbal deyil, eyni zamanda emosional ünsiyyət formasıdır. Buna görə də kouçinq sessiyalarına – emosional intellekt laboratoriyası adı qoymuşuq. Kouçinq sessiyalarında biz qarşı tərəfin duyğuları ilə söhbətləşir, duyğularını anlamağa çalışırıq. Bu bacarıqları həyatımıza da gətirməyə çalışırıq. Gündəlik ünsiyyətimizdə insanların sadəcə dediklərinə deyil, eyni zamanda deyə bilmədiklərinə də fokuslanmağa çalışırıq.

Kouçinqin əsas aləti vaxtında verilən və fərqindəlik (ing. awareness) hədəfləyən düşündürücü suallardır. Bu suallar insanda fərqli baxış bucaqlarının yaranmasına və beləliklə, alternativ həllərin ortaya çıxmasına fürsət verir. Sadəcə kouçinq sessiyalarında deyil, gündəlik həyatımızda da ünsiyyətdə olduğumuz insanları hazır həllərə və ya cavablara yönləndirməkdən daha çox, düşündürücü suallar verərək öz həllərini ortaya qoymalarını təşviq edirik.



Kouçinqdən başqa siz təlimlər üzrə də fəaliyyət göstərirsiniz, və bildiyim qədər, Azərbaycanın demək olar ki,  bütün böyük təşkilatlarda təlimlər təqdim etdiniz. Təlimlərdə ən çox hansı mövzulara toxunursunuz? Və maraqlı əhvalatlarla bölüşə bilərsiniz?

Fidan Əzimi:   Biz indi çox maraqlı zamanda yaşayırıq, insanlar təkcə “nə etdiklərinə” gününü səhv etmək istəmirlər, “necə etdiklərinə” də fokuslanmağa başlayıblar. Əvvəllər sadəcə işini yaxşı görmək kifayət olurdusa, indiki zamanda həmin işini sən necə görürsən, nəticələri necə əldə edirsən, problemlər yarandığı zaman nə kimi reaksiya göstərirsən daha önəmli plana keçib.

Bu səbəbdən Liderlik, İdarəetmə tərzləri, Emosional Zəka, Ünsiyyət bacarıqları, Dəyişikliklərin idarə edilməsi, Stressin idarə edilməsi kimi təlimlərlə bağlı müraciətlər əhəmiyyətli dərəcədə artdı.

Elçin Əzimli: Maraqlı əhvalatım bu ola bilər.Demək, təlimlərin birində qulaq asmağın və empatiya qurmağın əhəmiyyətindən danışırdım. Sözümü bitirdikdən sonra təlim iştirakçılarından bir xanım söz aldı və dedi ki, “Elçin müəllim, ola bilsin ki, siz məni xatırlamadınız.

Ancaq, iş müsahibələrinizin birində qarşılaşmışdıq”. Xanım bu sözləri dedi və susdu. Sözlərinin deyiliş tərzi sanki bir az əvvəl dediklərimi təkzib edən formada idi, ya da ki, mən belə başa düşdüm. Yəni, mən dediklərimdə səmimi deyiləm, bunları həyatımda yaşamıram və sadəcə söz olaraq deyirəm. Otağa sakitlik çökmüşdü və hamı kimi mən də bu söhbətin nə ilə sonlanacağını gözləyirdim.

Əlbəttə ki, beynimdə min sual vardı və bir az da gərgin idim. Ancaq, xanım sözünü bu şəkildə bitirdi: “Həqiqətən siz mənə o zaman çox diqqətlə qulaq asdınız, içimdəki potensialı kəşf etməyə dəstək oldunuz və bir az əvvəl danışdıqlarınızda nə qədər səmimi olduğunuzun mən şahidi olmuşam”. Bu iştirakçının çıxışını nə üçün bu tərzdə başlayıb bitirdiyini anlamasam da, sözlərini bitirəndən sonra üstümdən böyük yük götürüldüyünü yaxşı xatırlayıram :)



Motivasiyanı hardan əldə edirsiniz?

Elçin Əzimli: Həyatda sahib olduqlarımın dəyərini anlayan və bütün bunlar üçün şükr edən bir insanam. Əlbəttə ki, çatmağı arzuladığım hələ çox arzularım və hədəflərim var. Ancaq bunu başa düşürəm ki, sahib olduqlarım sahib olmaq istədiklərimdən qat-qat dəyərlidir. Motivasiya mənbəyim bunun fərqinə varmaqdır. Düz yolda və düz yerdə olduğunu bilməkdir məni həyata bağlayan.

Fidan Əzimli: Motivasiyanı həyatın gücü kimi anlayıram. Bu güc bizə hər tərəfdən gəlir – daxili dəyər sütununa toxunmaqla, bilikləri insanlarla paylaşmaqla və bu toxumların insanlara fayda gətirdiyini görməklə, ətrafda olan nemətləri qiymətləndirməklə. Bəzən həyatda yeni məqsədləri qoymaq çox həvəsləndirir. Bilirsən ki, hər səhər oyanmağının, günü keyfiyyətli keçirməyinin səbəbləri var. Bu çox ruhlandırır.



Kouçinqə yeni başlamış gənclərə hansı 3 kitab məsləhət görərdiniz?

Aşağıdakı kitabların kouçinq dünyasına yeni qədəm qoymuş şəxslərə faydalı olacağını düşünürük. Bu kitabların Azərbaycan dilinə tərcüməsi olmadığı üçün ingilis dilindəki adlarını qeyd edirik.

  • Co-active Coaching (həmmüəlliflər: Henry Kimsey-House, Karen Kimsey-House, Phillip Sandahl, Laura Whitworth)
  • Coaching for Performance (müəllif: Sir John Whitmore)
  • The Inner Game of Tennis (müəllif: Gallwey, W. Timothy)


  • Kitablara gəldikdə, Elçin bəyin kitabları haqqında məlumat verə bilərdiniz?

    Elçin Əzimli: İki kitabın müəllifiyəm. “Dan ulduzu” adlı ilk romanım 2019-cu ildə, “Çağrı” adlı ikinci romanım isə 2023-cü ildə TEAS Press tərəfindən nəşr olunub. Mənim üçün sevindirici haldır ki, hər iki kitabım dəfələrlə ölkəmizdə ən çox satılan kitabların siyahısına düşməyi bacarıb. Kitablarım insanın özünükəşf və özünüdərk mövzularını əhatə edir.

    “Dan ulduzu” romanı Azərbaycanda emosional intellekt mövzusunda yazılmış ilk əsərdir. Bu kitab EQ mövzusunda indiyə qədər yazılmış analoji əsərlərdən onunla fərqlənir ki, onlar kimi texniki deyil, bədii əsərdir. Mən oxucuya olan mesajlarımı xəyali bədii obrazların və həyatda baş verən bənzər hadisələrin dili ilə çatdırmağa çalışmışam.

    Əsərdəki hadisələr fərqli dövrlərdə və fərqli coğrafiyalarda - keçmiş SSRİ ərazisində, yetmişinci illərin İraqında, müasir Azərbaycanda və İsveçrədə baş verir. Əsərin baş qəhrəmanı olan gənc bir səhər Xəzər sahilində gəzintiyə çıxan zaman qəribə bir yaşlı adam ilə tanış olur. Tanımadığı bu qocaya əvvəlcə inamsızlıqla yanaşan qəhrəmanımız axırda səbrli olmağa və hadisələrin nə ilə bitəcəyini gözləməyə qərar verir. Bu tanışlıq onun həyatında böyük dəyişikliklərə səbəb olur.

    İkinci əsərim “Çağrı” tarixi romandır və əsərdə baş verən hadisələr tarixin ən qorxunc çağlarından biri olan XIII əsrdə baş verir. Dünyanı tək bir dövlət altında birləşdirməyə can atan Çingiz xanın növbəti hədəfi indiki Orta Asiyanı və İranın şimal torpaqlarını əhatə edən Mavəraünnəhr adlı tarixi bölgədir. Monqol istilası nəticəsində yurd-yuvasından didərgin düşən baş qəhrəmanımız dünyadan əl-ətəyini çəkib dərviş həyatı yaşamağa başlayır. O, dünyanı qarış-qarış gəzdiyi günlərin birində ən gözəl səyahətin insanın öz daxili dünyasına olan səyahət olduğunu anlayır və ruhuna aparan yolların axtarışına çıxır.

    Bir az əvvəl qeyd etdiyim kimi hər iki əsər insanı özünü tanımağa, öz gücünə inanaraq xəyallarını həyata keçirməyə dəvət edir.



    Yekun olaraq, Oxucularınıza hansı məsləhətləri verərdiniz, bir Kouç kimi?

    Elçin Əzimli: Biz sadəcə bioloji bir varlıq deyilik və bu dünyadakı mövcudiyyətimiz sadəcə bioloji ehtiyaclarımızın ödənməsi ilə yadda qalmamalıdır. Unutmayaq ki, bizi yer üzündəki digər canlılardan fərqləndirən ən böyük tərəfimiz – ruhumuzdur. Buna görə də sadəcə vücudumuzu bəsləməməli, bəzəməməli, qorumamalı, geyindirməməliyik.

    Ruhumuzun qayğısına qalmalı və onun ehtiyaclarını düzgün şəkildə anlamalı və ödəməliyik. Vücudu hərəkətə keçirən ruhumuzu da gözəlliklərlə bəzəməliyik. Bəs ruhu necə bəsləyə bilərik? Gözəl insanlarla bir yerdə olaraq, gözəl kitablar oxuyaraq, gözəl musiqilərə qulaq asaraq, gözəl filmlərə tamaşa edərək, gözəl mənzərələrdə gəzişərək... Mənfi insanlardan uzaq duraraq, mənfi xəbərləri oxumağı azaldaraq ruhumuzun gigiyanasına diqqət etməliyik. Gündəmimizi mənfiliklərdən təmizləyərək ruhumuzu gücləndirə bilərik.



    Fidan Əzimli: Kouçinq hazır cavabları dərin suallarla əvəzləyir. Bu səbəbdən oxuculara bu yanaşmanı təklif edərdim: vaxt edib özünüzə bəzən bu dörd suallı verin:

    1. Hal-hazırda mən hardayam?
    2. Mən nələri yaxşı bacarıram?
    3. Nələri özümdə inkişaf etdirsəm mənə daha böyük fayda gətirər?
    4. Əvvəlki sualda səsləndirdiyim dəyişiklikləri nə vaxt tətbiq etməyi planlaşdırıram?

    Bu suallara cavab tapmaq üçün sərf etdiyimiz zaman intervalı gələcəyimizlə bağlı planlarımızı nə qədər aydın gördüyümüzün göstəricisi ola bilər.




    29/05/2024


         



    16.07.2024
    Nəriman Əsədov
    Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
    06.02.2024
    Fərid Abuşov
    Unibank KB İdarə Heyətinin sədri
    16.01.2024
    Nuranə Əliyeva
    “Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
    09.01.2023
    Zaur Ələkbərov
    ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
     
    06.12.2022
    Ramil Imamov
    Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
    12.10.2022
    İlkin Quliyev
    AccessBank-ın İdarə Heyətinin üzvü
    16.02.2022
    Davit Tsiklauri
    AccessBank-ın İdarə Heyətinin sədri
    08.02.2021
    Vüsal Gözəlov
    “AccessBank”ın Cəlilabad filialının Rəhbəri


    Company
    About
    Partners
    Support
    Products
    Business catalog
    Interview
    Expert
    Rating
    Payment