Uğur hekayəsi - Səbinə Məmmədova - Biznes portal Finance Time







   
1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 














Uğur hekayəsi - Səbinə Məmmədova


Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi
O, 2005-ci ildən etibarən maliyyə sektorunda çalışır. Onun təcrübə sahəsi Rəqəmsal strategiyanın qurulması, Rəqəmsal transformasiya, Rəqəmsal məhsulların hazırlanması və Müdrik Liderlik və Qadınların potensialını reallaşdırılması üzrə Kouçinqdir.

İndiyədək o, maliyyə sektorlarında müxtəlif şirkətlər üçün effektiv biznes strategiyaları qurub, rəqəmsal transformasiya layihələrinə rəhbərlik edib, şirkətlərə dəyər yaratmağa, innovasiyalara və performans təkmilləşdirmələrinə nail olmağa kömək edib. İki oğlu var.

Bu yaxınlarda Şirkətinizin 3 yaşı tamam olur, zəhmət olmasa əsas fəaliyyətiniz haqqında məlumat verərdiniz.

- Bəli, artıq 3 ildir ki, şirkətlərə və fərdi şəxslərə xidmət göstəririk. Əsas fəaliyyət istiqamətlərimiz strategiyanın hazırlanması və icrası, yeni məhsulların yaradılması, agile mədəniyyətin qurulmasıdır. Eyni zamanda, Startaplar üçün kouçinq və mentorinq edirik, eləcə də məhsul liderlərini formalaşdırmaq üçün Məhsulun idarə edilməsi (Product Management) və Agile təlimlərinin keçirilməsini həyata keçiririk.

Bundan başqa, mən rəhbər şəxslər üçün və qadınların öz potensiallarını tam kəşf etmələri üçün kouçinq xidmətlərini təqdim edirəm.



Siz uzun illər korporativ sektorda çalışmısınız və orada çox uğurlu karyera qurmusunuz. Bəs necə oldu ki, oradan ayrılıb öz şirkətinizi yaratmaq qərarına gəldiniz?

:) Bu sualı mənə tez-tez verirlər, elə burada da aydınlıq gətirim. Bəli, mən 2005-ci ildən etibarən maliyyə sektorunda - ilk AccessBankda, sonra isə PAŞA Bankda çalışmışam. 2009-cu ildən etibarən rəhbər vəzifələrdə çalışmışam.
Karyeramın başlanğıcından hər iki-üç ildən bir məsul olduğum rol dəyişib və bir neçə istiqaməti/departamenti komandalarımla birlikdə sıfırdan yaratmışıq. Bu təcrübələr isə mənim inkişafım üçün çox vacib rol oynayıb.

Maliyyə sektorundakı son illərimdə Rəqəmsal bankçılıq, fərqli müştəri seqmentləri üçün məhsulların yaradılması, rəqəmsal strategiyanın qurulması və icrası, agile mədəniyyətə keçid əsas öhdəliklərimdir.

Əslində 32 yaşımda bir şirkət üçün dəyər yaratmaqla kifayətlənmək istəmədiyimi və ölkə üçün, insanlar üçün daha çox şey etmək istədiyimi anladım. 35 yaşımda PAŞA Bankda növbəti missiyamı yerinə yetirdikdən sonra korporativ mühiti tərk edib öz şirkətimi qurmaq qərarına gəldim. Eyni dəyər və prinsiplərə sadiq komanda üzvlərim ilə bir araya gəlib bu yola çıxdıq və indiyə qədər əldə etdiyimiz bilik, bacarıq və təcrübələrimizi daha çox şirkətin və liderin transformasiyası üçün istifadə etməyə qərar verdik.



2023-cü il Pluss Co. şirkəti üçün hansı layihələr ilə yadda qaldı?

- İlk olaraq onu deyim ki, 2023-cü ildə biz fəaliyyətimizi genişləndirdik və bunun nəticəsi olaraq bazar bizi strategiyanı quran və icra edən şirkət kimi daha yaxşı tanıdı. Keçən ildə bir neçə maliyyə təşkilatı və KOB şirkəti üçün xidmət göstərmişik.

Keçən il xidmət göstərdiyimiz şirkətlər arasında YeloBank, İnternational bank olmayan kredit təşkilatı, Qala Sığorta, Qala Həyat Sığorta kimi şirkətlər var. Onu da qeyd etmək istərdim ki, Yelo Bank ikinci dəfə növbəti strateji dövr üçün strategiyanın yaradılmasını bizə həvalə etdi, bu da bizə olan güvənin göstəricisidir.

Bundan başqa hər il olduğu kimi, Product Management və Agile üzrə təlimlər keçirmişik, bununla da Məhsul üzrə liderlərin yetişdirilməsinə töhfə vermişik.




Bəs müştərilər niyə sizi seçirlər?

- Yaxşı sualdır )) Əslində Şirkət üçün strategiyanın formalaşdırılması və yuxarı rəhbərliyin bunu qəbul etməsi çox məsuliyyətli və rahat olmayan işdir. Bundan da məsuliyyətli və çətin olanı Strategiyanın icrasıdır. Biz bu yolda tərəfdaşlarımıza dəstək oluruq. Çünki sadəcə “Strategiya kitabının” yazılması bizim məqsədimiz deyil, əsas onun icra oluna bilməsidir.

Bu məsələdə biz öyrəşilmiş standart konsultant kimi özümüzü aparmırıq. İşə gözləniləndən çox sahiblənirik və razılaşdırılmış müddət çərçivəsində tərəfdaş üçün həm proseslərin qurulmasında, həm də müvafiq bacarıqları olan komandanın hazırlanmasında dəstək oluruq. Düşünürəm işimizə yanaşmaya görə müştərilər bizi seçir və davamlı olaraq xidmətlərimizdən faydalanır.



Komandanızda olan əsas prinsiplər haqqında danışaq

- Fəaliyyətimizin mərkəzində bizim dəyərlərimiz durur. Bunlar - Birgə innovasiyalar etmək, Komanda ruhu, Davamlı inkişaf və İstedadların inkişafıdır. Bu dəyərlər bizim korporativ mədəniyyətimizi formalaşdıran, qərarlarımızı istiqamətləndirən və təşkilatımızın mahiyyətini müəyyən edən prinsiplərdir.

Bizim Missiyamız isə təşkilati və şəxsi inkişafı dəstəkləməklə şirkətlərin transformasiyasını təmin etməkdir. Çevik strategiyalar vasitəsilə biz birgə uzunmüddətli hədəflərə çatmağı təmin edirik.

Bu il fəaliyyətinizdə hansı yeniliklər var?

- İnsanların rifahının və şəxsi inkişafının missiyamızın bir hissəsi olduğunu nəzərə alaraq insanların daha sağlam, daha hüzurlu yaşamalarında dəstək olmaq məqsədilə bu ildən etibarən qadınlar üçün yoqa və şəxsi inkişaf mərkəzi yaratmaqla yeni fəaliyyət istiqamətimizi müəyyən etdik. Bu yaxınlarda mərkəzin açılışı baş tutacaq. Yoqanı fəaliyyətimizin bir istiqaməti kimi müəyyən etməklə biz beyin, bədən və ruhun sağlamlığını dəstəkləyən resursları və təcrübələri Müştərilərimizə təklif edirik.

Bundan əlavə, mən bu il özümü müəllim kimi də sınayıram )) Xəzər universitetində Sahibkarlığa giriş proqramı üzrə seminarları tədris edirəm, tələbələri praktiki biliklərlə təmin edirəm.

Bu layihə Elm və Təhsil Nazirliyi və Sabah Academy-nin birgə təşəbbüsüdür, akademik tərəfdaş isə IE beynəlxalq Biznes məktəbidir (IE Business School). Bu rolum mənə davamlı təhsili, özünəgüvəni, analitik düşüncə tərzini, şəxsi inkişafı həvəsləndirməklə tələbələrin həyatına təsir etmək imkanı verir.



Bəs innovasiyalarla bağlı hansı fəaliyyətləriniz var?

- Birgə İnnovasiya etmək dəyərimizi əsas götürərək tərəfdaşımız üçün Müştərilərin rahatçılığını təmin etmək məqsədilə Mobil Tətbiqi istifadəyə verməyi planlaşdırırıq. Bu mobil tətbiq sayəsində Müştərilər filiala gəlmədən istədikləri vaxt, istədikləri məkandan kredit sifariş etmək imkanına malik olacaqlar.

Gözəllik salonları üçün startup layihəmiz olan BeautyPool Mobil tətbiqini inkişaf etdiririk. Bütün sahələrdə olduğu kimi, gözəllik salonlarının gələcəyini da innovasiyalarsız təsəvvür etmirik və yaxın zamanlarda bu sahədə Mobil tətbiqin geniş istifadəsinə əminik.

Sonda izləyicilərə hansı mesajı vermək istərdiniz?

  • İlk onu deyərdim ki, heç birimiz bilmirik ömrümüz nə qədərdir. Yer üzündə olduğumuz zamanı gözəl keçirək. Həmişə etmək istədiyiniz, amma nədənsə ertələdiyiniz arzuları yada salıb onlara nail olmaq üçün plan qurmağa dəyər.

  • Ailə üzvlərimiz və yaxınlarımızla olan münasibətlər bizim hüzurumuza, xoşbəxtliyimizə çox təsir edir. Onlarla olan münasibətlərinizə nəzər salıb daha gözəl etmək üçün yollar fikirləşə bilərsiniz, onlara nə qədər dəyərli olduqlarını hiss etdirməyiniz həm də sizi çox xoşbəxt edəcək.

  • Həmişə üzünüz gülsün! :)





  • 21/05/2024


         



    16.07.2024
    Nəriman Əsədov
    Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
    06.02.2024
    Fərid Abuşov
    Unibank KB İdarə Heyətinin sədri
    16.01.2024
    Nuranə Əliyeva
    “Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
    09.01.2023
    Zaur Ələkbərov
    ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
     
    06.12.2022
    Ramil Imamov
    Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
    12.10.2022
    İlkin Quliyev
    AccessBank-ın İdarə Heyətinin üzvü
    16.02.2022
    Davit Tsiklauri
    AccessBank-ın İdarə Heyətinin sədri
    08.02.2021
    Vüsal Gözəlov
    “AccessBank”ın Cəlilabad filialının Rəhbəri


    Company
    About
    Partners
    Support
    Products
    Business catalog
    Interview
    Expert
    Rating
    Payment