Baki, Finance Time. “AtaSığorta” ASC media nümayəndələrini ənənədən fərqli şəkildə bir yerə topladı. 21 iyul 2012-ci il tarixində “Excelsior Hotel Baku” mehmanxanasında bines sahəsində yazan 24 jurnalist arasında brey-rinq yarışı keçirildi.
Yarışın təşkil edilməsində məqsəd Kütləvi İnformasiya Vasitələri ilə əlaqələri daha da mökəmləndirmək, jurnalistlərin intelektual biliklərini zənginləşdirmək və isti yay günlərində az da olsa onları işlərindən ayırıb səmərəli istirahətlərini təmin etmək idi.
Hər birində 6 nəfərin olduğu 4 komandada jurnalistlər Azərbaycanın tarixi, mətbuatı, coğrafiyası haqqında və digər sahələrdən suallara cavab verərək mübarizə apardılar. Breyin rinq yarışmasını “Turan” İntelektual klubunun direktoru Vüqar Zeynalov apardı.
Brey-rinq yarışının sonunda 4 komanda arasından 3 yer üzrə qalib komandalar müəyyənləşdirilidi. Birinci yerə çıxmış komandaya 600 manat, ikinci yerə 420 manat, üçüncü yerə 300 manat və dördüncü yerə 180 AZN pul mükafatı və hədiyyələr təqdim olundu.
“AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri Tamerlan Hacıyev yarışın sonunda öz təssüratlarını bildirdi: “Biz görürük ki, Azərbyacan mətbuatında müasir düşüncəli, dünya görüşlü, peşəkar jurnalistlər çalışır. Onlar hər gün gərgin işləyirlər, cəmiyyətin doğru informasiyaya olan tələbatını ödəmək üçün gecə-gündüz axtarışdadırlar. Qərara gəldik ki, jurnalistlərin peşə bayramlarını daha yaddaqalan edək. Bu dəfə sualları jurnalistlər deyil, başqası onları suallar versin. Əminliklə deyə bilərəm ki, jurnalistlərimiz məşhur intellektual yarışların iştirakçılarından heç də zəif deyildilər, onlar yazmaqda olduğu kimi suallara cavab verməkdə də məharətlidirlər”.
“AtaHoldinq” ASC-nin İctimaiyyətlə Əlaqələr və Reklam şöbəsinin rəisi Dilarə Zamanova brey-rinq yarışı barədə dedi: “AtaHoldinq” hər zaman Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlığa geniş yer verib. Şirkətimiz yarandığı gündən media mənsubları ilə bir yerdə olub, onlar üçün tədbirlər, seminarlar, info-turlar, müsabiqələr təşkil edib. Bu ildən etibarən jurnalistlərlə bağlı layihələrimizin və tədbirlərimizin sayını daha da artırmışıq. Brey-ring yarışması da nəzərdə tutulmuş tədbirlərdən biridir və 22 - iyul Mətbuat günü münasibəti ilə keçirilib”.
Sonda jurnalistlər brey-rinq yarışından zövq aldıqlarını deyərək, “AtaSığorta” ASC-yə öz təşəkkürlərini bildirdilər.