Baki, Finance Time. Rəsmi məlumata görə, “AtaSığorta” ASC Azərbaycan Dövlət Neft Fondunun yeni inzibati binasının sığortalanması üzrə açıq tenderin qalibi elan edilmişdir. Ölkənin iri sığorta şirkətlərinin qatıldığı bu tender lotlar - inzibati binanın icbari sığortalanması, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və Azərbaycan Dövlət Neft Fondunun əmlakının könüllü sığortalanması üzrə keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın 2014-cü il dekabrın 29-da açılışında iştirak etdikləri Dövlət Neft Fondunun yeni inzibati binası Heydər Əliyev prospektində yerləşir.
24 mərtəbəli binanın hündürlüyü 140 metrdir, interyerinin dizaynı Azərbaycanın doqquz xalçaçılıq məktəbinin elementləri daxil olan üslubda yerinə yetirilmişdir. Binanın bütün otaqları yüksək texnologiyaların ən son nailiyyətlərinə əsaslanan avadanlıqla təchiz olunmuşdur. Burada ilk dəfə binanın unikal intellektual idartəedilməsi sistemi həyata keçirilmişdir ki, burada insanların iştirakı minimuma endirilmişdir – bütün texnoloji proseslər, təhlükəsizlik məsələləri, informasiya texnologiyaları, ventilyasiya və ekoloji məsələlər mərkəzləşdirilmişdir. Bina “yaşıl bina”nın ən müasir tələblərinə cavab verir.
“AtaSığorta” ASC-nin İdarə heyətinin sədri Müseyib Əliyevin qeyd etdiyi kimi, “Bizim şirkət üçün obyektiv rəqabət şəraitində keçən bu məsuliyyətli tenderdə qələbə şirkətimizin düzgün institusional inkişafının, həm iri korporativ müştərilər, həm də dövlət müəssisələri tərəfindən etibarın artmasının əksidir, həmçinin əsas əməliyyat bölmələrinin – anderaytinqin, təkrarsığortanın, marketinqin və s. dəqiq və peşəkar işinin göstəricisidir.”
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 6 filial və 6 nümayəndəlik daxildir.