Baki, Finance Time. “PAŞA Həyat Sığorta” ASC-nin Sumqayıt şəhərində yerləşən “Şimal” filialı fəaliyyətə başlayıb.
İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, şirkətin sayca ikinci filialı olan “Şimal” filialı Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 2 (45-ci məhəllə ilə 5-ci mikrorayonun arası) ünvanında yerləşir.
Yeni filialda baş ofisdə olduğu kimi həyat sığortası üzrə bütün xidmətlər, icbari və könüllü həyat sığortası məhsulları, o cümlədən istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsullarının satışı həyata keçirilir.
Sığorta xidmətləri ilə yanaşı, filial eyni zamanda həyat sığortası məhsullarının tanıdılması istiqamətində bölgədə maarifləndirmə işlərini də həyata keçirmək niyyətindədir.
“Şimal” filialının fəaliyyətə başlaması ölkənin şimal bölgəsində yaşayan sakinlərin sığorta xidmətlərindən istifadəsini, eləcə də bu xidmətlərdənyararlanmasını daha da asanlaşdıracaq.
Qeyd edək ki, mövcud inkişaf strategiyasına müvafiq olaraq, “PAŞA Həyat” ölkənin regionlarında biznes fəaliyyətini genişləndirməkdə davam edir.
Xatırladaq ki, ötən ilin may ayında şirkətin ilk filialı - “Qərb” filialı fəaliyyətə başlayıb.
“PAŞA Holding” Şirkətlər Qrupunun üzvü olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Kapitallaşma səviyyəsinə və biznes göstəricilərinə görə şirkət həyat sığortası bazarının lideridir. Cari ilin fevral ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.