Baki, Finance Time. AXA MBASK Sığorta şirkəti “AXA MBASK Akademiya” proqramı çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birlikdə tələbələr üçün “Sığorta işinin təşkili” adlı növbəti nəzəri və praktiki kurslara başlayır.
Proqramda iştirak üçün Bakı Dövlət Universitetindən, Azərbaycan Dövlət İqtisad Universitetindən, Dövlət İdarəçilik Akademiyasından, Lənkəran Dövlət Universitetindən, Bakı Slavyan Universitetindən, “Azerbaycan” Universitetindən və Qafqaz Univeristetlərindən 25 tələbə seçilmişdi.
Bu kursların əsas məqsədi təhsil müəssisələri ilə əməkdaşlığın təşkili, peşəkar istiqamətləndirmə, sığorta və maliyyə işində ixtisaslaşan tələbələrə dəstək verilməsidir.
Bir ay davam edən kurs sayəsində tələbələr tam olaraq iş prosesinə daxil olub, sığorta şirkətinin fəaliyyət mexanizmi ilə tanış olacaqlar. Eyni zamanda iştrakçılar təhsil zamanı əldə etdikləri bilikləri təcrübədə tətbiq etmək imkanı əldə edəcəklər.
Kurs zamanı tələbələr şirkətin iş xüsusiyyətini öyrənəcək, təcrübi tapşırıqları yerinə yetirəcək, sığorta məhsullarının satışı texnologiyası, anderraytinq, şirkətin sənəd dövriyyəsi, sığorta hadisələrin tənzimlənməsi sahəsində biliklər, eləcə də risklərin idarə edilməsi üzrə ixtisaslaşdırılmış məsləhətlər əldə edəcəklər. Mühazirələr AXA MBASK-ın menecerləri və aparıcı mütəxəssisləri tərəfindən aparılacaq.
Kursun sonunda şirkət tələbələrə müvafiq sertifikatlar təqdim edəcəkdir. Əlavə olaraq, fərqlənmiş tələbələr şirkətdə yay təcrübəsi keçəcəklər. Bundan sonra onlar şirkətdə daimi işə düzəlmək və uğurlu karyera qurmaq fürsəti əldə edəcəklər.
Bu mühazirə və təlim kursu – nadir peşə təcrübəsi, kurs və diplom işləri üçün materiallar toplamaq imkanı, ən yaxşı beynəlxalq təcrübə, ən əsası isə iri şirkətdə uğurlu karyeranın başlanğıcı deməkdir.
Tələbələr üçün “Sığorta işinin təşkili” adlı nəzəri və praktik kurslar hər rübün əvvəlində keçiriləcəkdir.
Xatırladaq ki, sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.
Belə, sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.
Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində “İlin sığorta şirkəti” kimi yeddi beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.