İzmir şəhərində Türkiyənin energetika sektorunda mühüm yer tutan “Petkim” neft-kimya holdinqinin yaradılmasının 50-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “APA-Economics”ə verilən məlumata görə, mərasimdə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, energetika naziriNatiq Əliyev, SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, İzmir Valisi Mustafa Toprak, İzmir Büyükşehir bələdiyyə başqanı müavini Sırrı Aydoğan, “SOCAR Türkiyə” şirkətinin rəhbəri Kənan Yavuz, “Petkim” rəhbərliyinin nümayəndələri iştirak ediblər.
“Petkim”in 50 illik fəaliyyətini əks etdirən videomaterialın nümayişindən sonra giriş nitqi söyləyən şirkətin icraçı direktoru Sadəddin Qorqud uzun illər möhtəşəm layihələrə imza atmış “Petkim”in SOCAR ilə birlikdə yeni bir yola qədəm qoyduğunu qeyd edib, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin sənaye sahəsində bariz nümunəsi olmalarından qürur duyduqlarını bildirib. Tədbirdə SOCAR-ın fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Ş. Mustafayev Azərbaycan və Türkiyə əməkdaşlığının dərin köklərə malik olduğunu bildirib. Hazırda Azərbaycanın Türkiyədə ən böyük investorlardan biri olduğunu qeyd edən nazir SOCAR-ın 2023-cü ildə bu sahədə birinci olacağını, 2008-2018-ci illər ərzində Petkim yarımadasına qoyulacaq sərmayələrin 10 mlrd. dolları aşacağını və bu yatırımların hər iki ölkə üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
N. Əliyev əsası Azərbaycanın enerji strategiyasının dünya enerji təhlükəsizliyinin təminatında mühüm yer tutduğunu, bu baxımdan Azərbaycan-Türkiyə əməkdaşlığının iqtisadi və siyasi cəhətdən böyük məna kəsb etdiyini deyib.
R. Abdullayev “Petkim” əməkdaşlarını holdinqin yaradılmasının 50 illiyi münasibəti ilə təbrik edib, uğurlar arzulayıb. O, holdinqin son illərdəki fəaliyyətindən və əldə etdiyi istehsalat nailiyyətlərindən razı qaldığını bildirib, bir qrup qabaqcıl əməkdaşa mükafatlar təqdim edib. Türkiyə Petrol İş Sendikasının rəhbəri Mustafa Öztaşkın və Izmir valisi Mustafa Toprak SOCAR-ın “Petkim”ə yeni nəfəs verdiyini, inşası davam etdirilən STAR neft emalı zavodunun, yaxın zamanlarda istifadəyə veriləcək konteyner limanının təkcə İzmir vilayətinin deyil, bütün Türkiyə iqtisadiyyatına mühüm töhfələr verəcəyini söyləyiblər.
www.apa.az