Baki, Finance Time. “AtaSığorta” ASC özünün Korporativ Sosial Məsuliyyəti çərçivəsində növbəti aksiyasını həyata keçirmişdir. Beynəlxalq kitab günü ilə əlaqədar olaraq 23 aprel 2015-ci il tarixdə Şağanda yerləşən 3 saylı internat evində əqli və fiziki qüsurlu uşaqlarla görüş təşkil edilmişdir. Uşaqlara Azərbaycan yazıçılarının müxtəlif kitabları və dünya uşaq ədəbiyyatı seriyasından nəşrlər hədiyyə edilmiş və internat məktəbin kitabxanası zənginləşdirilmişdir.
Görüşdə uşaqlara mütaliənin faydasından, bəşəriyyətin inkişafında kitabın oynadığı roldan bəhs edilmişdir. Ən yaxşı kitab oxuma üzrə müsabiqə keçirilmiş, müsabiqənin yekunları üzrə qaliblər xatirə hədiyyələri ilə mükafatlandırılmışlar. “AtaSığorta” ASC-nin Marketinq və Kommunikasiya şöbəsinin müdiri Yusif Ağayev qeyd etmişdir ki, bu aksiyanın məqsədi uşaqlarda kitaba maraq, ədəbiyyat aləmini dərk etməyə səy formalaşdırmaq və intellektual qabiliyyətlərini inkişaf etdirməkdir.
“AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir. 14,6 milyon manat nizamnamə kapitalı olan şirkət 26 sığorta növü üzrə müştərilərə xidmət göstərir və təkrarsığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malikdir. Şirkət İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 18 filial, nümayəndəlik və ofislər daxildir.