Baki, Finance Time. “PAŞA Həyat Sığorta” şirkəti Rumıniyanın Braşov şəhərində keçirilən “FIAR 2015 - Beynəlxalq Sığorta və Təkrarsığorta Forumu”nda xüsusi beynəlxalq mükafata layiq görülüb.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, "XPRIMM Insurance Report" beynəlxalq sığorta jurnalı tərəfindən təşkil edilən Forum çərçivəsində “PAŞA Həyat” Azərbaycanda “Lider həyat sığortası şirkəti” nominasiyası üzrə mükafata layiq görülüb.
Forum çərçivəsində Şərqi Avropa və MDB ölkələrinin ən yaxşı sığorta, təkrarsığorta və broker şirkətləri, həmçinin ictimai təşkilatlar da mükafatlandırılıb.
Forumun işində və mükafatların təqdimetmə mərasimində“PAŞA Həyat Sığorta” şirkəti rəhbərlik səviyyəsində təmsil olunub.
Qeyd edək ki, Beynəlxalq Sığorta və Təkrarsığorta Forumu 1998-ci ildən təşkil edilir. Hər il tədbirdə 500-dən çox nümayəndə iştirak edir. Tədbirə Avropanın sığorta, təkrarsığorta, bank, lizinq, konsultant, audit, İT və Kommunikasiya sektoru şirkətlərinin rəhbər və mütəxəssislərindən ibarət iştirakçıları qatılır.