Baki, Finance Time. 13 iyul 2012-ci il tarixində Maliyyə Nazirliyi tərəfindən sığorta fəaliyyətinə müddətsiz lisenziya almış Beynəlxalq Sığorta Şirkəti yenidən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə müraciət etmişdir.
20 iyul 2012-ci il tarixində Beynəlxalq Sığorta Şirkəti 4 icbari sığorta növünə icazənin verilməsi üçün Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə müraciət etmişdir.
Şirkətdən verilən məlumata görə, müraciətlə yanaşı Büroya üzv olmaq üçün şirkətin müvafiq tələblərə cavab verməsinə dair sənədlər də təqdim edilmişdir. Bu, ən azı 10 regional nümayəndəliklərinin və Büronun şəbəkəsi ilə integrasiya edilmiş proqram təminatının mövcud olması tələbləridir.
Öncə, sığorta sektoruna nəzarət edən maliyyə nazirinin müavini Azər Bayramov bildirmişdir ki, Beynəlxalq Sığorta Şirkəti-nə icbari sığorta növlərinə icazənin verilməsi sualına yalnız şirkətin əsas lisenziyasının yenilənməsindən sonra baxıla bilər.
Beynəlxalq Sığorta Şirkəti isə Büro üzvlərinə qarşı qoyulan tələbləri çərçivəsində 1 iyul 2012-ci il tarixinədək Azərbaycanın bütün 10 iqtisadi zonasında regional nümayəndəliklər açmışdır. Eyni zamanda, şirkət Büro sisteminə qoşulmaq və icbari sığorta növləri üzrə kargüzarlıq əməliyyatlarının aparılması üçün istifadə edilən xüsusi proqram təminatı əldə etmişdir.
Hazırda, Beynəlxalq Sığorta Şirkəti-nin məcmu kapitalı 5,5 mln. manata yaxındır və bu Büroya üzv olmaq üçün kifayətdir.
Beynəlxalq Sığorta Şirkəti Azərbaycanın sığorta bazarının böyük sığorta şirkətlərindən biridir. Şirkət Azərbaycan Beynəlxalq Bankı tərəfindən 2002-ci ildə təsis edilmişdir və hazırda müştərilərə 34 növ sığorta xidməti göstərir.