İyulun 2-3-də Bakıda VI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2015) keçiriləcək.
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “APA-Economics”ə verilən məlumata görə, builki forum Qafqaz regionunda sığorta və təkrarsığorta bazarına həsr olunmuş ən mühüm tədbir olmaqla, bu sahədə ən vacib istiqamətləri və perspektivləri müəyyən edəcək. Tədbirin iştirakçıları arasında interaktiv ünsiyyətə istiqamətlənmiş platforma olacaq ki, bu da ölkələr arasında sığorta sahəsində əməkdaşlığın möhkəmlənməsinə imkan verəcək.
Foruma qatılmaq üçün 21 xarici ölkənin 57 şirkətindən 90 nəfər artıq qeydiyyatdan keçib. Dünyanın məşhur “Swiss Re”, “Munich Re”, “Hannover Re”, “Scor”, “Allianz”, “Ace Group” “Jardine Lloyd Thompson Group”, “Deloitte”, “ Standard and Poor's”, “Audatex” və digər şirkətlərinin yüksək təmsilçilərinin tədbirdə iştirak edəcəyi gözlənilir. Azərbaycandan isə 27 sığorta, təkrarsığorta və broker şirkətlərindən 100-ə yaxın nümayəndə foruma qatılacaq.
“AIIF-2015” müasir və interaktiv formatda keçiriləcək. Forumda plenar iclas, ikitərəfli görüşlər və “workshop” formatında müzakirələr təşkil ediləcək. Belə ki, tədbirin 1-ci günündə plenar iclas formatında, mövcud reallıq çərçivəsində sığorta və təkrarsığorta bazarı - inkişaf üçün yeni biznes sahələri, Qafqaz regionunda əmlak sığortası, təkrarsığorta təminatı və anderraytinqin yeni üsulları ilə bağlı məsələlər müzakirə obyekti olacaq.
İkinci gün isə paralel olaraq avtomobil sığortası və bazarın inkişafı üçün yeni texnologiyalar, bank və həyat sığortası ilə bağlı 2 seminar keçiriləcək.
Forumun qeyri-rəsmi hissəsində “PAŞA Həyat” sığorta şirkətinin sponsorluğu ilə iştirakçılar arasında rəmzi Avropa Oyunları üzrə boulinq yarışması təşkil ediləcək.
Qeyd edək ki, MDB məkanda xarici ölkələrin və şirkətlərin qatıldığı ən böyük sığorta tədbiri olan Azərbaycan Beynəlxalq Sığorta Forumu Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) təşkilatçılığı ilə keçirilir.
www.apa.az