Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və Marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Rumıniya hökuməti və ASPEN İnstitutunun birgə təşkilatçılığı ilə hər il keçirilən "Buxarest Enerji Forumu"2015-də iştirak edib.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, “Regional Qovşaqların maliyyələşdirilməsi” mövzusuna həsr olunan panel müzakirələrdə çıxış edən V. Bəylərbəyov Azərbaycan neft sənayesinin tarixi və ölkəmizdə həyata keçirilən uğurlu neft strategiyası barədə iştirakçılara ətraflı məlumat verib. O, Cənub Qaz Dəhlizi layihəsi üzrə aparılan işlər və AGRİ layihəsində iştirak edən dövlətlərin iyunun 24-də imzaladığı Birgə Bəyannaməyə də toxunub, bu layihələrin Azərbaycan və region ölkələri üçün əhəmiyyətini qeyd edib.
V. Bəylərbəyov çıxışında həmçinin SOCAR-ın Gürcüstan, Türkiyə, Ukrayna, İsveçrə və digər ölkələrdə reallaşdırdığı layihələrdən, şirkətin Rumıniyadakı fəaliyyətindən söz açıb. O, 2015-ci il də daxil olmaqla sərmayələrin həcminin hər il artacağını və şirkətin Rumıniyaya qoyduğu investisiyanın Azərbaycan höküməti tərəfindən tam dəstəkləndiyini bildirib.
Sonda V. Bəylərbəyov panel iştirakçılarının suallarını cavablandırıb.
www.apa.az