“Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmadan nəqliyyat vasitəsini idarə etməyə görə cərimələrin 10 manatdan 50 manata qaldırılması nəticəsində müsbət nəticələr əldə olunub”.
“APA-Economics” xəbəri verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev deyib.
“Ötən il biz bu təklifi Milli Məclisə təqdim edəndə, təklifimiz çox müsbət qarşılandı. Nəticələr də göz qarşısındadır. Cari ilin altı ayı ərzində ötən ilin analoji dövrü ilə müqayisədə bağlanmış müqavilələrin sayı 14%, sığorta haqlarının məbləği isə 20% artıb. Düzdür, KASKO sığortasında azalma müşahidə olunur. Gördüyünüz kimi, inzibati üsullar öz bəhrəsini verir”, - deyə E. Quliyev bildirib.
İSB rəhbəri bildirib ki, hələlik cərimələrin artırılması ilə bağlı Milli Məclisə heç bir təklif verilməsə də, payızda qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər görülə bilər. "Qazaxıstana nəzər salsaq, orada bu cür cərimələrin məbləği 200 dollardır”, - deyə o qeyd edib.
www.apa.az