Bu gün Bakıda Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF-2015) başlayıb.
“APA-Economics” xəbər verir ki, iki gün davam edəcək tədbir Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı, Maliyyə Nazirliyinin dəstəyi ilə keçirilir.
Forumun rəsmi açılış mərasimində çıxış edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, dünya baş verən proseslər bütün maliyyə sektorunu, o cümlədən bu sektorun tərkib hissəsi olan sığorta sahəsini də böyük çağırışlarla üz-üzə qoyur. “Son vaxtlar sığorta sektorunun inkişafı istiqamətində ciddi addımlar atılıb və bu addımlar beynəlxalq maliyyə institutları tərəfindən də müsbət qiymətləndirilib. Sığorta sektorumuz sabitdir və bu sabitlik gələcəkdə də müşahidə olunacaq”, - deyə nazir qeyd edib.
Sığortaçılara müraciətində nazir qeyd edib ki, onlar istehlakçılarla daha aktiv işləməlidir.
S. Şərifov əlavə edib ki, müvafiq Tədbirlər Planının icrası nəticəsində Azərbaycanın sığorta sektorunda şikayətlərin həcmi kəskin azalıb. Bununla yanaşı, nazir bildirib ki, sığorta sektorunda institusional quruculuq işlər davam etdiriləcək.
Daha sonra tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə sığorta sektorunun inkişaf tendensiyalarından danışıb.
Qeyd edək ki, konfransın 1-ci hissəsi “Cari reallıq çərçivəsində sığorta və təkrarsığorta bazarı - inkişaf üçün yeni biznes sahələri” mövzusuna həsr olunub. 2-ci hissədə “Qafqaz regionunda əmlak sığortası”, 3-cü hissədə isə “Təkrarsığorta təminatı və anderraytinqin yeni üsulları” mövzularında müzakirələr aparılacaq.
Forumun ilk günündə həmçinin ikitərəfli görüşlərin və rəsmi qəbulun keçirilməsi nəzərdə tutulub. Sabah isə tədbir paralel keçirilən iki seminarla davam edəcək.
Seminarlardan biri “Avtomobil sığortası və bazarın inkişafı üçün yeni texnologiyalar”, digəri isə “Bank sığortası və həyat sığortası” mövzusunda təşkil olunacaq.
www.apa.az