Baki, Finance Time. “AtaSığorta” ASC Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı ilə birlikdə talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirmişdir. Qanvermə aksiyası noyabr ayının 27-də, Zərifə Əliyeva küçəsi, 55 ünvanında yerləşən “AtaSığorta” ASC-nin Baş Ofisində təşkil olunmuşdur.
Tədbirdə “AtaSığorta”, “AtaBank”, “Synergy Group”, MİM Mühəndislik, MG Holding, Praktikal Soluşns Group, İpək Yolu Sığorta, Caspian International Investement Company və digər şirkətlərin əməkdaşları yüksək həvəslə iştirak edərək qana ehtiyacı olan talassemiyalı və hemofiliyalı xəstələrə yardım etmək üçün bu humanist aksiyaya qoşulublar.
Qanvermə aksiyası zamanı Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığının öncədən müəyyən olunması üçün qan analizi götürülmüş və səhhətində problemi olmayan donorlardan qan götürülmüşdür. Yığılan qan ehtiyatı yekun olaraq yoxlanıldıqdan sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 12,4 milyon manat nizamnamə kapitalına malik olmaqla, 26 sığorta növü - 22 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 32 filial, nümayəndəlik və satış ofisləri daxildir.