Azərbaycanda sığortaçının ona aidiyyatı olan şəxslərlə bağlanmasına icazə verilən əqdlərə əlavə tələblərin siyahısı genişləndirilib.
“APA-Economics”in məlumatına görə, “Sığorta fəaliyyəti haqqında” qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsində sığortaçının ona aidiyyatı olan şəxslə bu qanunun 69.1-ci maddəsində nəzərdə tutulmuş əqdləri bağlaması ilə bağlı yeni şərtlər nəzərdə tutulub.
Belə ki, qanunun 70-ci maddəsinə edilmiş əlavələrə görə, aidiyyatı şəxslə bağlanılması nəzərdə tutulan əqdin dəyəri sığortaçının aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil etdiyi halda, həmin əqdin bağlanması barədə sığortaçı tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilən qərarı olduqda sığortaçı aidiyyatı şəxslə əqd bağlaya bilər.
Bundan başqa, əqdin dəyəri sığortaçının aktivlərinin 5 faizədək hissəsini təşkil etdiyi halda, həmin əqdin bağlanması barədə qərarın qəbul edilməsi səlahiyyətinin sığortaçının nizamnaməsi ilə səhmdarların ümumi yığıncağına və ya İdarə Heyətinə həvalə edildiyi hallar istisna olmaqla, Direktorlar Şurasının qərarı olduqda sığorta ona aidiyyatı olan şəxslə əqd bağlaya bilər.
“Direktorlar Şurasının və İdarə heyətinin üzvləri, habelə sığortaçının struktur bölmələrinin ( filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddəsində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyatı şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər. Aidiyyatı şəxslərlə əqdlərin bağlanılmasının digər qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə müəyyən olunur”, - deyə qanun layihəsində qeyd olunub.
www.apa.az