Baki, Finance Time. “Atəşgah Həyat” Sığorta Şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə növbəti iri sığorta ödənişləri həyata keçirib.
Belə ki, “Atəşgah Həyat” SŞ - də sığortalanmış tikinti müəssisələrindən birinin əməkdaşı bədbəxt hadisə nəticəsində tikinti işləri zamanı yüksəklikdən yıxılaraq həlak olmuşdur.
Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 23,4 min AZN təşkil edib. Məbləğ faydalanan şəxslərə təqdim edilib.
Digər ödənişlər regional dövlət müəssisələrinin iki əməkdaşının Yol - nəqliyyat hadisəsi nəticəsində həlak olması hadisəsinə görə verilib. Belə ki, bu hadisə üzrə faydalanan şəxslərə ümumilikdə 28,1 min AZN məbləğində sığorta ödənişi verilib.
Hazırda “Atəşgah Həyat” SŞ-nin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə həyata keçirdiyi ödənişlərin ümumi həcmi 2,5 mln. AZN artıqdır.
“Atəşgah Həyat” SŞ istehsalatda bədbəxt hadisələrdən icbari sığorta ilə yanaşı, həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası və digər xidmətləri təklif edir.