Baki, Finance Time. 10 illik fəaliyyət müddəti ərzində müştəri məmnuniyyətini daim yüksək səviyyədə saxlayan və sığorta bazarında lider olan PAŞA Sığorta şirkəti may ayında sərnişinlərin icbari fərdi qəza sığortası növü üzrə fəaliyyət göstərməyə lisenziya almışdır. Belə ki, artıq PAŞA Sığorta bu növ üzrə müştərilərinə xidmət göstərə biləcək. Bununla da, şirkət bazara təqdim etdiyi ümumi sığorta növlərinin sayını 36-ya çatdırmışdır.
Sərnişinlərin icbari fərdi sığortası “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının qanununa əsasən tənzimlənir. Sərnişinlərin icbari fərdi sığortası sərnişin daşımaları xidmətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatına və sağlamlığına sığorta hadisəsi nəticəsində zərər dəyməsinə görə sığorta təminatının verilməsi məqsədi ilə tətbiq edilir.
Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.