Baki, FinanceTime. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən sığorta vasitəçiləri və sığortaçıların satış nümayəndələrinin sığorta qanunvericiliyinə riayət etmələrinə dair geniş monitorinq aparılmışdır.
Monitorinq zamanı aşkar edilmiş qanun pozuntularına görə 7 sığorta vasitəçisinə təqdimat, 10 sığorta vasitəçisinə isə xəbərdarlıq verilmişdir.
Xəbərdarlığın verilməsinə səbəb monitorinq zamanı aşkar edilmiş icbari sığorta qanunvericiliyinə əməl edilməməsi, lisenziyasız vasitəçilik fəaliyyətinin göstərilməsi, icbari sığorta şəhadətnamələrində məlumatların düzgün əks etdirilməməsi və digər pozuntu faktları olmuşdur.
Monitorinq tədbirləri çərçivəsində sığorta vasitəçiləri ilə bağlı yaranan risklərə nəzarətin gücləndirilməsi ilə əlaqədar olaraq Palata tərəfindən sığortaçılara müvafiq tapşırıqlar verilmişdir.
Media orqanları əlavə məlumat almaq üçün press@fmsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.