Baki, FinanceTime. Azərbaycanın sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat” “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətinin verdiyi məlumata görə, ölkədə fəaliyyət göstərən bankların birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 46 512 manat qalıq borc məbləği “PAŞA Həyat” tərəfindən aidiyyatı bank üzrə ödənilib.
Qeyd edək ki, “PAŞA Həyat” tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 9 sığorta hadisəsinə görə ümumilikdə 184733 manat həcmində sığorta ödənişi verilib.
“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.