Baki, FinanceTime. Sürücülərin Yol Hərəkəti Qaydalarına daha məsuliyyətli yanaşmasını təmin etmək məqsədi ilə PAŞA Sığorta 23 noyabr - 23 dekabr tarixlərində sürücülər üçün “Məsuliyyətli sürücüyə biz cavabdehik” kampaniyası keçirir.
Kampaniya çərçivəsində Gənclik MALL AVM-də PAŞA Sığorta şirkəti tərəfindən hazırlanmış “Məsuliyyətli sürücüyə biz cavabdehik” stendində quraşdırılmış xüsusi planşetlərdə sürücülər Yol Hərəkəti Qaydalarına aid suallara düzgün cavab verməklə Kasko sığortasına 30%-ə qədər endirim əldə edə biləcəklər.
Belə ki, PAŞA Sığorta 10 sualdan 10-na doğru cavab verən şəxslərə 30%, 9-na doğru cavab verən şəxslərə 20%, 8-nə doğru cavab verən şəxslərə 15%, 7-nə doğru cavab verən şəxslərə isə 10% Kasko sığortası üçün endirim mükafatı təqdim edəcək.
7–dən az suala düzgün cavab verən sürücülər də yarışı hədiyyəsiz tərk etməyəcək, şirkət tərəfindən bütün iştirakçılara müxtəlif hədiyyələr təqdim olunacaq. Kampaniyada hər kəsin yalnız bir dəfə iştirak etmək şansı var.
Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holding qrupunun üzvü olan PAŞA Sığorta korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.