Təlimlərdən 2115 tələbə yararlanıb...
Baki, FinanceTime. “PAŞA Həyat” şirkəti maarifləndirmə layihəsi çərçivəsində “Sığorta və sığorta mədəniyyəti” mövzusunda tələbələr üçün 2016-cı ilin son 90-cı təlimini başa çatdırıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, bu ilin dekabr ayının 26-28-dətəşkil olunmuş təlimdə ölkənin müxtəlif ali təhsil ocaqlarından dəvət almış tələbələr iştirak edib.
Təlimdə tələbələrə həyat və qeyri-həyat sığortası, həyat sığortası bazarındakı mövcud həyat sığortası məhsulları, sığorta qanunvericiliyi, eləcə də Azərbaycan və xarici sığorta bazarlarının müqayisəsi haqqında geniş məlumat verilib. Daha sonra tələbələrlə xatirə şəkili çəkilib, onlara “PAŞA Həyat”ın müvafiq sertifikatları təqdim olunub.
Təlimin sonunda “PAŞA Həyat” şirkətinin maarifləndirmə şöbəsinin müdiri, Pərviz Quliyev indiyədək keçirilən təlimlərlə bağlı statistik məlumatları da açıqlayıb. O bildirib ki, “PAŞA Həyat”ın tələbələr üçün təşkil etdiyi “Sığorta və sığorta mədəniyyəti” adlı maarifləndirmə layihəsinə 2013-cü ilin iyul ayından başlanılıb və indiyədək bu təlimdən müxtəlif universitetlərin 2115 tələbəsi yararlanıb:“Məqsədimiz iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bilik və bacarıq qabiliyyətlərini daha da artırmaq,həyat sığortası məhsulları ilə bağlı cəmiyyəti maarifləndirməklə yanaşı, sığorta bazarının inkişafına dəstək olmaqdır. Onu da qeyd etmək istəyirəm ki, şirkətimizin maarifləndirmə ilə bağlı həyata keçirdiyi bu layihə sığorta bazarının ən uzunmüddətli layihəsidir. Düşünürəm ki,gələcəkdə biz bu cür layihələrin sayını artırmaqla ölkənin sığorta bazarının inkişafına öz töhfəmizi vermiş olacağıq”- deyə P.Quliyev vurğulayıb.
Qeyd edək ki, “PAŞA Həyat” şirkəti sosial məsuliyyətini dərindən dərk edərək gənclərin bilik və bacarıqlarının artmasına, eləcə də onların sığorta sahəsində maariflənməsinə daim dəstək olub. Şirkət öz layihələri çərçivəsində növbəti ildə də gənclərə olan qayğısını bir daha nümayiş etdirəcək.