“PAŞA Həyat Sığorta” şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılovun müsahibəsi
Niyaz müəllim, “PAŞA Həyat”ın 2016-cı ildəki fəaliyyəti hansı uğurlarla yadda qalıb?
-2016-cı il,əvvəlki illərdə olduğu kimi “PAŞA Həyat”ın fəaliyyətində uğurlu il kimi yadda qalıb. Ötən ilin noyabr ayında şirkətimizin qeydiyyatdan keçməsinin 6 ili tamam oldu.Ötən bu dövr ərzində bir sıra uğur və nailiyyətlər qazandıq, hətta bir neçə beynəlxalq mükafatlara da layiq görüldük.
Əsas maliyyə göstəricilərimizə gəldikdə isə qeyd edə bilərəm ki, ötən ilki sığorta yığımlarımızın həcmi 77,679 mln. manat təşkil edib ki, bu da 2015-ci il ilə müqayisədə 23,152 mln. manat və ya 42,5% çox olub. Hesabat ilində aktivlərinin həcmi 160 mln. manata, nizamnamə kapitalının həcmi isə 40,250 mln. manata çatıb. Hazırda “PAŞA Həyat” aktivlərinin ümumui həcminə görə bazarın ən iri şirkətidir.
Təbii ki, yığımlarla yanaşı sığorta ödənişlərimiz də çox olub. Ötən ildə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən 45,907 mln. manata sığorta ödənişi edilib. Əvvəliki illə müqayisə etsək ödənişlərimizin həcmində 3 dəfəyədək artım müşahidə olunub.
İndiyədək “PAŞA Həyat” tərəfindən hər hansı bir sığorta hadisəsi üzrə verilən sığorta ödənişləri gecikdirilmədən, qanunvericiliyin tələbləri əsasında tam vaxtında həyata keçirilmişdir. Məlumdur ki, hər bir sığorta şirkətinin sığorta hadisələri üzrə verdiyi sığorta ödənişlərinin həcmi potensial müştəriləri maraqlandıran əsas məqamlardan biridir. Təcrübə göstərir ki,müştəri şirkətin verdiyi sığorta ödənişlərinin həcmini, eləcə də vaxtında icra edildiyini gördükdə şirkətə qarşı inamı daha da artır.Məhz buna görə də, çalışırıq ki sığorta ödənişlərini daim vaxtında həyata keçirək.
Qeyd etmək istəyirəm ki, istər maliyyə, istərsədə digər sahələrdə əldə olunan uğur və nailiyyətlərin arxasında “PAŞA Həyat” ailəsinin hər bir üzvünün əməyi danılmazdır. Düşünürəm, ki2017-ci il də “PAŞA Həyat” üçün daha yadda qalan il olacaq. Biz, peşəkar komanda olaraq buna tam əminik.
Son strukur dəyişikliyindən sonra İdarə Heyətinin yeni sədri kimi bu il ərzində hansı prioritetlər nəzərdə tutulub?
Struktur dəyişikliklərini istənilən müəssisə və təşkilatın fəaliyyəti zamanı baş verən sıradan bir proses hesab etmək olar. Bu proses təbii ki, daim yaxşı istiqamətə doğru yönəlir. Hazırdaşirkətimizin strukturu yenidən formalaşıb. Bu isə bizə qarşıya qoyduğumuz hədəflərə nail olmaq üçün daha böyük imkanlar yaradacaq. Müştərilərin tələblərinə uyğun sərfəli şərtlərlə məhsulların hazırlanaraq bazara təqdim olunması və satış üçün digər prioritet məsələlər nəticədə şirkətin satış həcminin artırılmasına gətirib çıxaracaq.
“PAŞA Həyat” tərəfindən bazara yeni həyat sığortası məhsullarının təqdim edilməsi gözlənilirmi?
Bəli,yaxın vaxtlarda həyat sığortası məhsulu ilə bağlı bazara yeni məhsullar təqdim etməyi planlaşdırırıq. Bütün bu kimi məsələlər bizim bu ilki prioritet hesabat etdiyimiz işlərimizdən biridir. Düzdür, hazırda müştərilərə şirkətimiz tərəfindən müxtəlif həyat sığortası məhsulları təklif olunur. Amma bazara təqdim ediləcək məhsul əhalinin müvafiq təbəqəsi üçün nəzərdə tutulmuş unikal bir sığorta məhsulu olacaq. Ümid edirik ki, yeni məhsulumuz hər kəs üçün əlçatan olacaq.
Cari ilin sonunadək sığorta haqqlarının həcmi ilə bağlı proqnozu bilmək istədik?
- Ümumiyyətlə, istənilən sahədə düzgün istiqamətə yönəlmiş strategiya hədəflərə və elan edilmiş proqnozlara nail olmaqla nəticələnir. Məhz bu baxımdan da, “PAŞA Həyat”ın strateji hədəfləri düzgün istiqamətə yönəldiyi üçün müvafiq illər üzrə verilən proqnozlar daim özünü doğruldub.
Bu ilki planımıza uğun olaraq, cari ilin sonunadək sığorta yığımlarımızın həcmini102 mln.manatadək çatdırılması proqnozlaşdırılıb. Əvvəlki illərdə olduğu kimi ümid edirik ki, səmərəli və məqsədyönlü fəaliyyət nəticəsində ilin sonuna olan proqnozlar tam yerinə yetiriləcək.
Dünya təcrübəsi göstərir ki, sığorta sektorunda yeni texnologiyaların tətbiqi bank və digər sektorlara nisbətən geri qalır. Hesab edirəm ki, Azərbaycanda da vəziyyət heç də fərqli deyil. Bu məsələyə münasibətinizi bilmək istərdik.
-Əslində mövcud vəziyyətlə bağlı tam razıyam, bunu qəbul edirik. Lakin Azərbaycanda müvafiq qanunvericiliyin icazə verdiyi çərçivədə biz maksimum yeni texnoloji tətbiqə çalışırıq. Bu tətbiq – rəqəmsallaşma bizim cari il ərzindəbizim əsas prioritet istiqmətlərdən biridir.
Bütün bu işlər çərçivəsində yaxın günlərdə saytımızı tamamilə yenilədik. Yenilənmə müasirgünün mobil istifadəçilərini nəzərə alınaraq hazırlanıb.Bundan başqa, cari ilin I rübündə ancaq müştərilərin istifadəsi üçün xüsusi “Android” və “iOS” istifadəçiləri üçün tətbiqimiz istifadəyə veriləcək.
Saytımız ən son dizaynda tərtib olunub və əvvəlki saytdan fərqli olaraq yeni saytda müştərilərimizin rahatlığı üçün müvafiq yeniliklər edilib. Belə ki, saytda potensial müştərilərimiz üçün həyat sığortası məhsullarının rahat şəkildə əldə edilməsi üçün “onlayn müraciət” forması və mövcud müştərilər üçün isə “şəxsi kabinet” yaradılıb. Şəxsi kabinet vasitəsi ilə mövcud müştərilərimiz bütün sığorta əməliyyatlarını aparmaq imkanına malik olacaqlar. Bir sözlə yeni saytımız müştəri yönümlü olmaqla, müştərilərin tam rahatlığına hesablanmış veb səhifə olacaq.
Rəhbərlik etdiyiniz sığorta şirkəti ixtisaslı və peşəkar kadrlara olan tələbatını necə ödəyir? Bir çox müəssisələrdə HR şöbələr yeni məzun olan tələbələrə “sizin təcrübəniz yoxdur” deyərək işə götürməkdən imtina edirlər. “PAŞA Həyat”da sizin sədrliyinizlə kadr siyasəti baxımından bu tipli problemlərə yanaşma necə olacaq?
-Təbii ki, həyat sığortası Azərbaycan iqtisadiyyatı üçün yeni bir sahə olduğu üçün bu sahədə daha savadlı mütəxəssislərin yetişdirilməsinə ehtiyac var. Şirkətimiz ilk növbədə öz kadrlarının peşəkar inkişafı üçün müvafiq şərait yaradır, onları bu sahədə müxtəlif təlimlərə cəlb edir, eləcə də şirkətdaxili ixtisasartırma tədbirləri həyata keçirir. Bunun nəticəsi olaraq, işçilər motivasiya olunaraq öz üzərilərində çalışmaqla şirkətdə karyera yüksəlişinə nail olurlar. Eyni zamanda, şirkət daxilində bacarıqlı və daha perspektivli işçilərin rotasiya olunması vasitəsilə müəyyən vəzifələr doldurulur.
Tələbələrin işə götürülməsi məsələsinə gəldikdə isə qeyd edə bilərəm ki, “PAŞA Həyat”da bu xüsusi bir proqram əsasında həyata keçirilir. Bu proqramın icrasına 2013-cü ilin iyul ayından başlanılıb. Məqsədimiz ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbələrinə sığorta sahəsinə aid müxtəlif mövzularda ödənişsiz Master Klaslar təşkil etməkləonların sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bu sahədə bilik və bacarıq qabiliyyətlərini daha da artırmaqdır.
Təlimlərdə fərqlənən tələbələr növbəti mərhələdə test imtahana dəvət olunurlar. Testlərin nəticəsinə uyğun olaraq, onların arasından daha istedadlı və bilikli tələbələr seçilir və sınaq müddətinə dəvət olunurlar. Sınaq müddətini uğurla başa vuranlar “PAŞA Həyat Sığorta”da işlə təmin olunurlar.
Xüsusi ilə qeyd etməliyəm ki, bu proqram çərçivəsində indiyədək keçirilən 93 maarifləndirici təlimdən 2200-ə yaxın tələbə yararlanıb və bu iştirakçılar sırasından 6 tələbə “PAŞA Həyat”da müvafiq işlərlə təmin olunublar.
Müsahibə üçün təşəkkür edirik