1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Karyera yolçuluğuna 11-ci sinifdən başlayan sığortaçı
17.04.2017

Fariz Hacızadə: “Sığorta agenti kimi işə başlamağım mənə doğru ünsiyyət qura bilməyi öyrətdi” 


Öz üzərində işləməyi sevir. Qarşısında hər zaman müəyyən hədəflər olur və o istiqamətdə uğurlu addımlar atır. Müsahibimiz AtaSığortanın İcbari sığorta şöbəsinin müdiri Fariz Hacızadədir. F.Hacızadə hazırda Prezident yanında Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsilini alır. 
 
- Karyera yolçuluğunuz neçə yaşınızdan başladı?
- Orta məktəb illərindən. 11-ci sinifdə sığorta işinin təşkili ixtisası diqqətimi cəlb etdi. O vaxtlar sığorta bazarı indiki kimi inkişaf etməmişdi. Araşdırdım və gələcək perspektivləri bir anlıq düşündüm. Hesab edirdim ki, ölkəmizdə sığorta bazarı yaxın gələcəkdə daha çox diqqət və marağın ayrılacağı sahə olacaq, daha da təkmilləşəcək. Ən əsası isə bu sahəni özümə daha çox yaxın hesab etdim. Azərbaycan Memarlıq və İnşaat Universitetində sığorta işinin təşkili ixtisasını seçməyə qərar verdim və bununla da karyera yolçuluğum başladı. 
 
- Karyera yolçuluğunuzun abituriyentkən başladığını deyirsiniz. Amma ölkəmizdə abituriyentlərin əksəriyyəti ixtisas seçimi zamanı adətən səhvə yol verirlər.

- Təəssüflər olsun ki, cəmiyyətimizdə ixtisası abituriyentdən daha çox valideynlər seçir. Hesab edirəm ki, abituriyentlər özləri hansı sahənin onlar üçün uyğun olacağını düşünüb qərar versələr, gələcək nəticələri daha uğurlu olar. 
 
- Sizcə, ixtisas seçərkən bazarın tələbatı da nəzərə alınmalıdır?

- Təbii ki, bazarın tələbatı hər zaman nəzərə alınmalıdır, bununla yanaşı, insan sevdiyi, özünə daha çox doğma hesab etdiyi ixtisası, peşəni seçməlidir. Düşünürəm ki, hər kəs özünü tapdığı, özünü təsəvvür etdiyi sahədə daha professional, daha uğurlu ola bilər. Hərbi sahəyə marağı olan insanlar maliyyə sahəsinə, tibbi sahəyə marağı olanlar isə digər aidiyyəti olmayan ixtisaslara istiqamətləndirilərsə, gələcəkdə göstəricilər uğurlu olmaya bilər və nəticədə belə şəxslər iş mühitində öz yerlərini tapmaya bilərlər. Bu baxımdan, ixtisas seçimi hər kəsin öz öhdəsinə buraxılmalıdır. 
    
- İşə tələbəykən başlamısınız. Tələbənin işləməyi və pul qazanmağı, sizcə, nə dərəcədə vacibdir?

- Hesab etmirəm ki, bu çox vacibdir, lakin insanın özünün gənc yaşlarında pul qazanmağı öz ayaqları üzərində tələbəykən dura bilməyi yaxşı bir hal və xoş duyğudur. İşləmədiyin zamanlarda kənardan çox şey daha asan görünür, iş mühitinə atıldıqdan sonra bu düşüncələrin üzərindən xətt çəkilir, kollektivdə işləyirsən, komanda işinin nə demək olduğunu, pulun əziyyət hesabına qazanıldığını öyrənirsən. Təbii ki, tələbəykən yetərli pul qazana bilmirdim, məqsədim və yaxud hədəfim də bu olmamışdır. Hesab edirəm ki, bir tələbənin məqsədi, məramı varlanmaq üçün pul qazanmaq deyil, qeyd etdiyim kimi, maddi cəhətdən asılılıqdan yaxa qurtarmaq olmalıdır. Ən başlıca amil tələbənin gələcək karyerasının inkişafında doğru-düzgün addımlar atmaq olmalıdır. Təhsil aldığım universitetin 1-ci kursunda oxuyarkən dərsdən sonra hər gün kitabxanaya gedir, ixtisasımla bağlı kitablar götürüb saatlarla oxuyur, axşam evə qayıdırdım. Bu vərdişim nəzəri bilikləri daha da dərindən bilməyimə səbəb olurdu. Gələcəkdə iş tapmağımda problem yaranmasın deyə, 1-ci kursda ofis proqramlarını öyrənmək üçün kurslara da gedirdim. Bir dəfə kursdakı müəlliməm mənə "cavan oğlansan, niyə işləmirsən, tayların işləyir” dedi. Zarafatyana deyilən bu söz yaxşı mənada mənə təsir etdi. Qarşılaşdığım iş elanlarından birində sığorta şirkəti vakansiyalar elan etmişdi. Müraciət etdim, müəyyən sınaq dərsləri keçdilər, imtahanlar verdik, ilk sertifikatımı əldə etdim. Yüzlərlə tələbə, məzunların arasından yekun nəticədə məni də təcrübəçi kimi işə qəbul etdilər. 4 ay təcrübəçi, daha 3 ayı sığorta agenti qismində işləyəndən sonra satış üzrə kiçik assistant kimi işə qəbul etdilər. Daha sonralar mütəxəssis, baş mütəxəssis pillələrinə qədər irəlilədim.

- Təcrübəçi kimi 4 ay işlədiyinizi deyirsiniz. Amma universiteti bitirən və heç bir iş təcrübəsi olmayan məzunların çoxu özlərini peşəkar sayır və təcrübəçi kimi 1 aydan çox işləmək istəmirlər…
 -  Doğrusu, o vaxt, mənim məqsədim yox idi ki, qısa zamanda müəyyən vəzifə sahibi olum. Tələbəykən sığorta bazarının aparıcı şirkətlərinin birində təcrübəçi və sığorta agenti kimi çalışmaq məni qane edirdi. Gülməli səslənsə də, bundan öncə hətta fikirləşirdim ki, görəsən, hansısa sığorta şirkətinə gedib aylıq 200-300 manat pul təklif etsəm, məni iş prosesi ilə tanış edərlərmi? Mənim üçün vacib olan amil işi öryənməyim idi. 
Qeyd edim ki, 4 ay təcrübəçi kimi çalışdığım dövrdə artıq sığorta şirkətində təcrübəçi qalmamışdı. Çünki mənimlə təcrübəyə başlayanlar istəyirdilər ki, 1 ay sınaq müddətindən sonra işə başlasınlar. 
Təəssüflər olsun ki, indi bir çox gənclərimiz düşünür ki, çox qısa zaman kəsiyində işləyib vəzifə sahibi olmalı, yaxşı əməkhaqqı almalıdırlar. Əlbəttə, hətta belə bir istəyin, arzunun olması təqdirəlayiq haldır, amma təkcə nəzəri biliklərlə bunu arzulamaq və ən əsası, reallaşacağını düşünmək, gözləmək heç də doğru deyil. Təcrübə olmadan hansısa posta yiyələnmək o sahəni ciddi şəkildə axsatmaqdan başqa bir şey ola bilməz. Hər bir gənc, komanda içərisində işləməyi bacarmalı, sözün əsl mənasında formalaşmalıdır, komanda onu qəbul etməlidir. Yalnız bundan sonra o, tutduğu doğru yolda zamanla irəliləyə bilər. İnsanın zəhməti, olmadan gözlədiyini əldə etməsi inanmıram ki, zəhmətlə əldə etdiyi qədər şirin olsun. Bir sözlə, çalışmaq lazımdır ki, pulun arxasınca qaçmayasan, fikrini işləməyə və bilik sarıdan öyrənməyə cəmləyəsən. Bu halda, bir müddət sonra pul özü sənin ardınca gələcəkdir.
 
- İşə sığorta agenti kimi başlamısınız. Bu iş sığorta sahəsində ən aşağı vəzifə sayılır. Sığorta agenti kimi əldə etdiyiniz təcrübə sizə sonrakı iş həyatınızda nələri qazandırdı?
- Sığorta bazarında sığorta agenti ən aşağı vəzifə sayılsa da, bu sahədə ən çox gəlir qazana biləcək  şəxslər sığorta agentləridir. Onların öz satış hədəfləri, bununla bağlı missiyaları və müştəri portfelləri olur.
Sualınıza gəlincə, sığorta agenti kimi iş fəaliyyətinə başlamağım istər iş, istərsə də şəxsi həyatımda mənə çox böyük təcrübə qazandırdı. O zamanlar insanlarla ünsiyyətdə o qədər də yumşaq deyildim. Peşəkarlarla çalışmağa başladım, insanlarla ünsiyyətdə daha ehtiyatlı olmağa, daha fərqli davranmağa həm məcbur, həm də nail oldum. Bu gün tez-tez öz-özümə nə yaxşı ki, sığortanın ən aşağı pilləsindən başladığımı deyirəm. Bəlkə də sığortanın maliyyə sahəsində xəzinədar köməkçisi, xəzinədar kimi işə başlasaydım, bu gün ünsiyyət qabiliyyətim bu qədər formalaşmazdı. Amma sığorta agenti kimi daim müxtəlif xasiyyət sahibi olan insanlarla görüşdüm, biri acı söz, digəri xoş sözlər dedi… Nəticədə mən insanlarla doğru ünsiyyət qura bilməyi öyrəndim. 
 
- Avtobioqrafiyanıza baxanda bəlli oldu ki, 26 yaşınızda başqa bir sığorta şirkətində İdarə Heyətində təmsil olunmusunuz. Gənc yaşınızda İdarə Heyətində təmsil olunmaq, özünüzdən yaşca, bəlkə təcrübəcə də böyük insanları idarə etmək çətin olmadı ki? Kollektiv sizi necə qəbul etdi?

- İstənilən sahədə, irəli çəkildikcə daha mürəkkəb iş mühiti ilə qarşı-qarşıya qalırıq, məsuliyyətimiz daha da artır. Mən bu işə başlamazdan əvvəl müəyyən qədər idarəçilik təcrübəm artıq formalaşmışdı. Bundan əvvəl satış şöbə müdiri kimi çalışanda şöbəyə ümumilikdə 10-dan çox işçi tabe idi. İdarə Heyətində təmsil olunmağım da təbii ki, ilk günlər o qədər də asan deyildi. Amma bir üstünlüyüm var idi ki, icra edəcəyim tapşırıqları tam məsuliyyətimlə dərk edib görəcəyim işləri, qarşımdakı vəzifələri dərindən bilirdim. Təbii ki, ilk vaxtlarda gənc olmağım kollektivin gözündən yayınmamışdı və mənə tapşırılan vəzifələrin öhdəsindən gəlib-gəlməyəcəyimi düşünənlər var idi. Amma çox qısa zamanda bu fikrilərin üzərindən xətt çəkildi. Çünki üzərimə düşən işlərin hamısını çox rahatlıqla, vaxtında yerinə yetirdim. Qısa zaman kəsiyində mənə həvalə edilmiş sahələrdə müəyyən irəliləyişlər baş verdi. 
 
- Heç iş həyatınızda "bu işin altından necə çıxacağam” dediyiniz anlar oldumu və işin altından çıxa bilmisinizmi?

- Təbii ki, iş həyatında belə anlar olur, bu anlarda işdən çəkinməməlisən. Bir işi görərkən o işdən qorxub çəkinirsənsə, sanki görəcəyin iş bu qorxunu hiss edir, anlayır və sənin üzərinə gəlir, nəticədə uğursuzluğa düçar olursan. Özünü həvalə edilmiş işdən, verilmiş tapşırıqdan, çəkinmədiyinə inandırmalısan. Bəzən müəyyən sınaqlardan keçmiş, kifayət qədər iş təcrübəsi olan işçi belə, bir anlıq həvəsdən düşə, bilər. Doğrudur, nadir hallarda bu hissləri özüm də yaşamış olsam da, tutduğum və doğru hesab etdiyim yolda ani hisslər məni sarsıda bilməz. Hərbi xidmətdə olduğum müddət yaxşı mənada mənə az şey qazandırmayıb. Zaman-zaman istər iş, istər şəxsi həyatda kiçik narahatçılıqlar yarandığı anlarda hərbi xidmətdə olduğum anları xatırlayır və öz-özümə heç nəyin elə də çətin olmadığını söyləyirəm.

- Ənənəvi sualımız: uğur sirriniz nədədir?
- Düşünmürəm ki, çox uğur qazanmışam, insanı daha böyük uğur və nailiyyətlərə aparan yollar istər-istəməz müəyyən qədər yaş və həyat təcrübəsindən keçir. Amma qazandıqlarımı da zəhmətim, biliyim, təcrübəm, özümə güvənim, inamım və doğru yolda olmağım nəticəsində əldə etmişəm. Bu xüsusiyyətlər məndə olduğu müddətdə öz üzərimdə işləyib hədəflərimə çatacağıma inanıram. 

Lalə MUSAQIZI


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment