Baki, FinanceTime. Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan A-Qroup, daşınmaz əmlak sığortası sahəsində 2019-ci ildə böyük uğurlara imza atıb.
2019-cu ildə uğurlu fəaliyyət göstərən şirkətin əmlak sığortası üzrə yığımlarının həcmi 2018-ci illə müqayisədə 6 dəfə artaraq 577 660.79 manat təşkil edib.
Yaşayış binalarının, yaşayış evləri və mənzillərin icbari sığortası onların struktur elementlərinə, məkanlara, o cümlədən qapı və pəncərə konstruksiyalarına, şüşə, su təchizatı borularına, kanalizasiya və qaz təchizatı sistemlərinə, eləcə də istilik sisteminə, rabitə naqillərinə, elektrik və digər naqillərə, bəzək elementlərinə, xarici və ya daxili suvaq işləri, divar, tavan və döşəməyə vurulmuş ziyana zəmanət verir.
Azərbaycan qanunvericiliyinə əsasən, yanğın, partlayış, qəza, zəlzələ, vulkan püskürməsi, qasırğa, sel, tayfun, torpaq sürüşməsi kimi təbii fəlakətlər səbəbindən, habelə üçüncü şəxs tərəfindən dəymiş zərər, dağıntı və ya hər hansı başqa bir formada yaranan ziyan sığorta hadisəsi hesab olunur.
Qeyd edək ki, bu il A-Qroup şirkəti 25 illik yubileyini qeyd edir. Azərbaycanın sığorta bazarında uzun müddət fəaliyyət göstərən şirkət müştərilərin etimadını hərtərəfli qazanmışdır. Bu illər ərzində müştərilərinə qayğıdolu münasibət bəsləyən şirkət, onlara 14 növ könüllü sığorta üzrə yüksək səviyyədə xidmət göstərir.