Baki, FinanceTime. Azərbaycanda əhali arasında sığorta xidmətinin təbliği, maarifləndirmə və məlumatlandırma fəaliyyətləri çərçivəsində ASA İB və Sığorta şirkətlərinin birlikdə fəaliyyəti ilə müxtəlif lahiyələr həyata keçirilir. Bununla bağlı olaraq 21 sığorta şirkəti və ASA İB ilə birgə “Qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması təyinatları” üzrə Memoranduma dair “Məsafə Saxla” Layihəsinin icrasına 2019 cu ilin dekabr ayından etibarən başlanıldı.
Günümüzdə yol – nəqliyyat hadisələrinin baş verməsinin ən əsas səbəblərindən biri də, sükan arxasında mobil telefondan istifadə etməkdir. Mobil telefon sürücünün diqqətini yoldan yayındıraraq, baş verə biləcək hadisələrə vaxtında reaksiya verməyə mane olur. Çoxsaylı araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, telefonla danışmaq qəza riskini 4 dəfə, mesaj göndərmək isə 6 dəfə artırır.”Məsafə saxla” lahiyəsinin əsas məqsədi mobil telefondan istifadə səbəbi üzündən baş verən qəzaların sayının azaldılması və sürücülərin bu sahədə maarifləndirilməsidir.
Lahiyə çərçivəsində şəhərin müxtəlif ərazilərində mobil telefonlardan istifadənin risklərini özündə əks etdirən bilbordlar yerləşdirilmişdir. Bundan əlavə mütəmadi olaraq sosial şəbəkələrdə və internet saytlarında da bu barədə əhaliyə məlumat ötürülür.
ASA İB nin Sədri Azər Əliyevin rəhbərliyi ilə “Qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması təyinatları” üzrə Memoranduma dair işçi qrupunun iclası keçirildi. İclasda layihə üzrə podratçı “JİS Group” MMC-nin nümayəndələri 17.12.2019 tarixindən 10.02.2020 tarixinə qədər olan müddət ərzində həyata keçirilən işlərlə bağlı hesabatı təqdim etdi.
İştirakşılar tərəfindən layihənin 2 ay müddətində daha uğurla tətbiqi və daha geniş kütləni əhatə etməsi üçün müxtəlif təkliflər irəli sürüldü. Təkliflərin dəyərləndirilməsi və müzakirəsi üçün növbəti iclas tarixi müəyyən edildi.
ASA İB ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 21 sığorta şirkəti və 1 təkrarsığorta şirkəti “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin üzvüdür.