Azərbaycan Sığortaçılar Assosasiyası İctimai Birliyinin (ASA İB) ofisində Azərbaycan Respublikası Aqrar Sığorta Fondunun nümayəndələri ilə görüş keçirilib
Baki, FinanceTime. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2019-cu ilin avqust ayında "Aqrar sığorta haqqında" Qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə Fərman imzalanmışdı. Qanunun tətbiqinə 2020-ci ilin əvvəlindən etibarən başlanıldı və bu sahədə mühüm addımlar atıldı. İlk olaraq Aqrar Sığorta Fondu yaradıldı və onun fəaliyyət mexanizmi quruldu.
Artan təbii fəlakətlər və digər risklər kənd təsərrüfatı ilə məşğul olan və qazancını bu sahədən əldə edən şəxslərə çətinliklər yaradırdı. Dəyən maddi zərərin ödənilməsində çətinlik ölkədə aqrar sığortanın tətbiqini zəruri edir. Odur ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli, 1138 saylı Fərmanı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” ilə ölkədə aqrar sığorta sisteminin yaradılması prioritet hədəf kimi müəyyən edilmişdir. Aqrar sığorta fermerlərin təbii fəlakətlərdən və ya digər səbəblərdən yaranacaq itkilərinin qarşısının alınması və gəlirlərinin qorunması üçün bir mexanizmdir.
Bununla əlaqədar olaraq ASA İB-nin təşkilatçılığı ilə sığorta şirkətlərinin rəhbər şəxsləri – sədr və sədr müavinləri və Aqrar Sığorta Fondunun rəhbər şəxsləri - Fuad Sadıqov və Firdovsi Ağaşirinovun iştirakı ilə görüş keçirildi. Keçirilən görüşdə rəhbərlərə aqrar sığorta modelinin tətbiqi ilə əlaqədar olaraq görülən işlər və gələcəkdə görülməsi planlaşdırılan işlər barədə məlumat verildi. Bundan əlavə aqrar sığorta modelinin xüsusiyyətləri, idarəetmə mexanizmi, aqrar sığorta sahəsinin potensialı və qarşıya qoyulan hədəflər barəsində rəhbərlər məlumatlandırıldı.
ASA İB ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 21 sığorta şirkəti və 1 təkrarsığorta şirkəti “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin üzvüdür.