Müasir dünyanı avtmobilsiz təsəvvür etmək mümkün deyil, amma təəssüflə qeyd etməliyik ki, avtonəqliyyat vasitələrinin sayının artması, yollarda qəzaların sayının artması ilə müşaiyət olunur. Baş verən yol nəqliyyat hadisələrinin başlıca səbəblərindən biri isə artıq gündəmimizin ayrılmaz hissəsinə çevrilən mobil telefonlardır. Sükan arxasında mobil telefondan istifadə halları sürücünün diqqətini yoldan yayındırır, qəza üçün şarait yaradır və sürücünün baş verəcək hadisələrə vaxtında reaksiya verməsinə mane olur.
“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi və “İcbari Sığorta Bürosu”-na üzv olan sığorta şirkətləri “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən baş verə biləcək sığorta hadisələri hesab edilə bilən halların yaranmasının qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlərin, o cümlədən bununla bağlı təbliğat-təşviqat işlərinin maliyyələşdirilməsi, habelə belə hallar baş verdikdə zərərin qarşısının alınmasına və azaldılmasına yönələn birgə tədbirlərin həyata keçirilməsi məqsədi ilə “Qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması təyinatları” üzrə Memorandum imzalanmışdır.
Bu Memorandum çərçivəsində sükan arxasında telefondan istifadənin risklərini göstərmək və sürücüləri bu təhlükəli vərdişdən çəkindirmək üçün “Məsafə Saxla” Layihəsinin icrasına 2019-cu ilin dekabr ayından etibarən başlanılıb.
Əhalinin sosial şəbəkələr və rəqəmsal informasiya daşıyıcılarına olan marağını nəzərə alaraq layihə üçün hazırlanan foto və video materiallar İnstagramda 2 milyona, Facebookda , Youtube və müxtəlif KİV-lərdə ayrı-ayrılıqda 1 milyona yaxın insana nümayiş etdirilib. Bu müddət ərzində layihənin vermək istədiyi əsas mesaj 4 milyonadək internet istifadəçisinə çatdırılıb. Paylaşılan materiallara 220 şərh edilib, 582 nəfər bu paylaşımları öz səhifəsinə yazıb, 454 nəfər təkrar paylaşım edib.
Daha çox kütləni əhatə etməsi məqsədi ilə insanların çoxluq təşkil etdiyi Ticarət mərkəzlərində də bu materialların 2 ay boyunca nümayişi həyata keçirilib. Yerləşdirilən məlumatlar nəticəsində Gənclik Mall-da 900 minə, 28 Mall-da 700 minə, Park Bulvarda 360 minə , Megafun-da isə 180 minə -dək insan “Məsafə saxla” layihəsi barədə məlumat almış oldu. Nəticədə ticarət mərkəzlərində yerıəşdirilən materiallar vasitəsilə təqribən 2 milyon insana məlumat ötürülüb. Bundan əlavə, Sədərək ticarət mərkəzinə, Sumqayıt və Salyana gedən şosselərdə də müxtəlif bilbordlarda posterlər yerləşdirilib.
Həyata keçirilən bu addımlar nəticəsində insanların sükan arxasında daha diqqətli olacağına, mobil telefondan hərəkət zamanı sükan arxasında istifadə etməyəcəkləri düşünülür.
İcbari Sığorta Bürosuna üzv olan sığorta şirkətləri - “Atəşgah” ASC, “AtaSığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “AZSIĞORTA” ASC, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, “İpək Yolu Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Qala Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “Standard İnsurance” ASC, “AXA MBASK” ASC, “Xalq Sığorta” ASC, “Günay Sığorta” ASC sığorta şirkətləri.
“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan qeyri-hökumət təşkilatıdır. Fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 20 sığorta şirkəti, 1 təkrarsığorta şirkəti və 5 hüquqi şəxs sığorta vasitəçisi “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin üzvüdür.