BMqT-nin Azərbaycan nümayəndəliyi 6-11 iyul tarixləri aralığında Lənkəran rayonundan seçilmiş gənclər üçün onlayn kiçik biznes təlimi keçirdi. Təlim Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində baş tutub.
Mart ayının ortalarında Lənkəran şəhərində keçirilməli olan təlim COVID-19 pandemiyası səbəbindən 6 gün yarım müddətində onlayn rejimə uyğunlaşdırılmışdır. Bütün iştirakçıların, xüsusən təsərrüfat işləri ilə məşğul olan xanımların iştirak etməsi üçün təlim axşam saat 4-8 aralığına təyin edilmişdir.
Təlimin ümumi məqsədi region gəncləri arasında özünüməşğulluğun artırılmasına töhfə verməkdir. Təlimdə ictimaiyyətə açıq olan onlayn müraciət əsasında seçilmiş 19 nəfər gənc (9 xanım, 10 kişi) iştirak etmişdir.
Təlim zamanı iştirakçılar mikro biznes fəaliyyəti, eləcə də onun ölkədə təşkili və idarə olunması haqda biliklərini zənginləşdirdilər. Onlar həmçinin, biznes planının hazırlanması ilə tanış oldular və öz planlarını təqdim etmək şansı qazandılar. Təlimin sonunda seçilmiş biznes ideyalara əlavə dəstək göstəriləcəkdir.
Layihə region gənclərinə mikro biznes idieyalarını həyata keçirmək üçün geniş imkan verməklə pandemiyanın gənclərə və yerli icmalara sosial-iqtisadi təsirlərinin minimuma endirilməsinə kömək edəcək.