Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi məcburi köçkün ailələrinə bazar qiymətləndirmələri, təlimlər və qrantlar daxil olmaqla mikro və kiçik sahibkarlıq müəssisələrinin yaradılmasına dəstək verməklə özünüməşğulluq imkanları yaratmaq istiqamətində təşəbbüslərini davam etdirir. Təşkilat Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin hədəf əraziləri olan Ağdam, Ağcabədi və Fizuli rayonlarında yaşayan məcburi köçkünlər arasında biznes məsləhətləşmələri sessiyaları təşkil etmişdir.
BMqT-nin sifarişi ilə “Finance and Social Innovation Consulting” MMC (FSIC) tərəfindən bazar araşdırmaları, dəyər zəncirinin təhlili və ehtiyacların qiymətləndirilməsindən sonra adı çəkilən üç rayon biznes məsləhətləşmələrinin keçirilməsi üçün seçilmişdir.
KOBİA (Kiçik və Orta Biznesin İnkişaf Agentliyi), FSIC və ASK-nın (Azərbaycan Respublikası Milli Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyası) nümayəndələri tərəfindən aparılan biznes məsləhətləşmələri adı çəkilən layihənin biznesin inkişafı komponentinə daxil olmaqla layihə icra olunan ərazilərdə məskunlaşan məcburi köçkünlərə gəlir gətirən fəaliyyətlərə başlamaları və davam etdirmələri üçün əlverişli mühit yaradan kiçik biznes təşəbbüslərinə dəstək verilməsini nəzərdə tutur.
Ümumiyyətlə, layihənin biznesin inkişafı komponenti çərçivəsində hədəf ərazilərində məcburi köçkün icmalarına yönəlmiş fəaliyyətlər üç hissədən ibarətdir: fərdi təşəbbüslərin inkişafı üçün etibarlı məlumat bazasının yaradılması; məcburi köçkün icmalarının maliyyə savadlılığının artırılması və özünüməşğulluğun təşviqi. Bu fəaliyyətlər, həmçinin məcburi köçkünlərin həyat səviyyələrini yaxşılaşdırmağa və onların cəmiyyətin həyatındakı iştiraklarını təşviq etməyə dəstək vermək məqsədi daşıyır.
Qeyd edək ki, adı çəkilən dörd illik layihə çərçivəsində məcburi köçkünlərin də sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Fuzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası vasitəsilə bu ərazidə yaşayan 8 mindən artıq ailəni təhlükəsiz və davamlı su ilə təmin etmək nəzərdə tutulur. Layihə kəhrizlərin bərpası ilə yanaşı, yerli icmaların dayanıqlığının artırılması, icmalarda məşğulluğun inkişafı və təhsili də özündə cəmləşdirən komponentlərə malikdir.