1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azər Əliyev: “İldən-ilə artan gəlirimiz şirkətimizin müştəri portfelinin keyfiyyətinin parlaq göstəricisidir.”
16.08.2021

Azərbaycanın sığorta bazarında 25 ildir fəaliyyət göstərən “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri və Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Azər Əliyevin son illər ərzində sığorta bazarında və sözügedən şirkətdə baş verən dəyişikliklər haqqında verdiyi müsahibəni nəzərinizə çatdırırıq:

- Hörmətli Azər müəllim, şirkətin ötən ilə olan maliyyə göstəricilərini necə dəyərləndirirsiniz? Sizcə, “Atəşgah” SŞ koronavirus pandemiyası səbəbilə yaranan çətinliklərin öhdəsindən gələ bilibmi?

Ümumilikdə nəticələri qənaətbəxş hesab edirəm. Doğrudur,  satış planını  tam yerinə yetirə bilmədik, lakin bunun obyektiv səbəbləri də var. Koronavirus pandemiyası  ilə əlaqədar bütövlükdə dünya iqtisadiyyatı ciddi  tənəzzüllə uğramışdır. Ölkə rəhbərliyinin səyləri, xüsusilə də çox hörmətli Prezidentimiz Cənab İlham Əliyevin müdrik siyasəti sayəsində ölkəmiz nəinki çətinliklərin öhdəsindən gələ bilib, hətta müəyyən müsbət nəticələrə də nail ola bilmişdir. Belə ki, 44 günlük Böyük Vətən Müharibəsində torpaqlarımızın qaytarılması ilə qazanılan parlaq qələbə xalqımızın şücaətinin və sarsılmaz iradəsinin bariz nümunəsidir. Fürsətdən istifadə edərək Prezidentimizə dərin minnətdarlığımı bildirir və xalqımızı bu böyük qələbə münasibətilə təbrik edirəm! 

Maliyyə göstəricilərinə istinadən deyə bilərəm ki, mövcud çətinliklərə baxmayaraq, sevindirici haldır ki, “Atəşgah” Sığorta Qrupu müəyyən olunan mənfəət planına müvəffəqiyyətlə çata bilmişdir.  Ən başlıcası  bu dövr ərzində biz bir çox biznes proseslərdə çoxsaylı yeniliklər tətbiq edə bilmişik ki, bununla birmənalı olaraq müştəri  xidmətinin keyfiyyətinin artmasına və ən yüksək səviyyədə servis təqdim edilməsinə nail olunmuşdur. Məsələn, “Audatex Azərbaycan” şirkəti ilə başladığımız əməkdaşlıq sayəsində zərərlərin elektron formatda vaxtında və düzgün qiymətləndirilməsi imkanı əldə olunmuşdur. Habelə göstərilən xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin ölçülməsi və artırılması məqsədilə “Qreact” proqram təminatının tətbiqini həyata keçirmişik. Bununla yanaşı, pandemiya dövründə müştərilərin qarşılaşdığı məhdudiyyətləri nəzərə alaraq, göstərdiyimiz bütün növ xidmətlər, demək olar ki, tam onlayn rejimə keçirilmişdir. Atılan bu addımlar müştərilərimizə daha yüksək səviyyəli xidmət göstərməyimiz üçün bizə yeni imkanlar yaratmışdır. 

- Fikrinizcə,  hansı sığorta növləri üzrə aktiv inkişafa nail olmaq və  uğur qazanmaq mümkün olmuş, hansı növlər üzrə isə əlavə stimula ehtiyac vardır? Ümumiyyətlə, son 3 ildə “Atəşgah” SŞ-nin  portfelində baş verən dəyişikliklər barədə nə deyə bilərsiniz?

- Şirkət artıq 4-cü ildir ki, yığcam məhsulların, başqa sözlə, pərakəndə seqment üçün, yəni geniş əhali kütləsi üçün mikrosığorta məhsullarının hazırlanması və satışı strategiyasını yürüdür. Heç kimə sirr deyil ki, ölkəmizdə sığorta mədəniyyəti hələ də yüksək səviyyədə deyil.  Lakin qeyd edə bilərəm ki, bugünkü vəziyyət 5 il əvvəllkinə nisbətən daha yaxşıdır. Buna baxmayaraq, xüsusilə pandemiya dövründə əhalinin sığortaya olan təlabatı daha da artmaqdadır. “Atəşgah” Sığorta Şirkəti öz təcrübə və xidmətlərini bu tələbatın ödənilməsi üçün cəmləşdirməyə çalışır.

Əhaliyə bahalı və mürəkkəb sığorta məhsulları deyil, əksinə, sadə, asan, anlaşılan və ucuz sığorta məhsulları lazımdır. Məhz buna görə “Atəşgah SQ  əmlak növləri, məsələn, avtosığorta və ya KASKO, şəxsi sığorta növləri üzrə, məsələn, tibbi sığorta və ya telesəhiyyə elementlərini özündə birləşdirən könüllü tibbi sığorta, həyat sığortası növü üzrə, məsələn,  koronavirusa  yoluxma ilə bağlı  riskləri qarşılayan sığorta məhsullarının hazırlanması istiqamətində mütəmadi olaraq iş aparır. 

Hesab edirəm ki, AVSMMİS növündən asılılığa son qoymağımız böyük bir uğurdur. “Atəşgah” Sığorta Şirkəti uzun illərdir məhz bu sığorta növü üzrə yüksək, daha dəqiq desək, 25% bazar payına malik olub. Doğrudur, bu sığorta növü bazarda təklif olunan məhsullar arasında ən kütləvisi və əlçatanıdır. Lakin, artıq 4 ildir ki bu, ən zərərli sığorta növüdür.  Buna görə, sığorta şirkətinin portfelində bu sığorta növünün payı nə qədər çox olacaqsa, bir o qədər də şirkətin gəlirliliyi az olacaqdır.

“Atəşgah” SŞ-nin ildən-ilə artan xalis gəliri - sığorta portfelinin keyfiyyətinin parlaq göstəricisidir. Bu isə öz növbəsində müştərilərimiz və əhali qarşısında üzərimizə götürdüyümüz öhdəlikləri yüksək səviyyədə yerinə yetirdiyimizi təsdiq edir.

- Azər müəllim, bir müddət öncə “Atəşgah” SQ 2022-2024-cü illər üzrə  yeni inkişaf strategiyasının işlənməsi  üzrə hazırlıqlara başlandığını elan edərkən yerli sığorta bazarı üçün yeni  ESG (Environmental Social Governance) transformasiya prinsiplərinin tətbiq edilməsi haqqında bildirilmişdi. Zəhmət olmasa deyərdiniz, ESG transformasiyası nədir və  nə üçün məhz bu sistemin tətbiq olunması qərara alınmışdır? Yeni strateji dövrdə şirkətin inkişafı üçün hansı üstünlüklər gözlənilir?

Dinamik, dəyişən bir dünyada yaşayırıq. İnformasiya texnologiyalarının təkamülünün, qloballaşma proseslərinin yaratdığı imkanlar heç bir ölkəyə, bəzi sahələr üzrə isə hətta ayrıca təşkilati strukturlara da qəbul olunmuş beynəlxalq konsepsiyalardan və trendlərdən kənarda qalmağa imkan vermir. ESG sisteminin əsas  məqsədi ağıllı texnologiyalar və yenilikçi yanaşmalar tətbiq edərək iqtisadiyyatın  fərqli sektorlarının ətraf mühitə vurduğu mənfi təsirini minimuma endirməkdir. Müasir dövrdə hər bir qurum və şirkət cəmiyyət qarşısında sosial məsuliyyətini görməzdən gəlməməli, təbiət və ətraf mühitlə həmahəng olmağa çalışmalıdır. “Atəşgah” SQ heç vaxt novator olmaqdan, cəmiyyətimiz və ölkəmiz üçün faydalı yeniliklər tətbiq etməkdən çəkinməmişdir. Bugünədək Azərbaycanda hər hansı bir şirkətin ESG konsepriyasının tətbiqinə cəhd etdiyini eşitməmişəm. Lakin əminəm ki, çox yaxın zamanda belə şirkətlərin sayı yüzlərlə, bəlkə də minlərlə olacaq. Amma biz bu dəfə də ilklərdən olacağıq.

- Gəlin, ən dəyərli resurslardan biri olan insan kapitalından danışaq. Son üç ildə şirkət əməkdaşlarının inkişafına yatırılan resursların həcmi 3 dəfə artıb. Bu istiqamətdə edilən investisiyaların həcmi və görülən işlərdən gözləntilərinizlə bölüşərdiniz?

“Atəşgah” SQ-nin prioriteti – insan kapitalıdır illər boyu belə qəbul edilmişdir ki, hər bir şirkəti uğura insanlar aparır. Sadəcə son illər biz əməkdaşlarımızın təhsilinə, peşəkar bilik və bacarıqlarının artırılmasına daha çox vaxt və maliyyə resursları sərf etmişik. Son 1 il ərzində biz şirkətdaxili 88-dən çox təlim keçirmişik və bu təlimlərə 280 nəfərdən çox əməkdaş cəlb olunmuşdur. Təəssüflər olsun ki, ölkəmizdə təhsilə müəyyən dərəcədə laqeyd yanaşma müşahidə olunur. Və hansısa resurslara qənaət məsələsi ortaya çıxdıqda, xüsusilə, iqtisadi böhranlar vaxtı ilk növbədə nəyə qənaət edirlər? Təhsil və sığorta xərclərinə. Xoşbəxtlikdən, biz şirkətimizdə belə addımlar atmırıq. Əksinə, biz, əməkdaşların təlim və hazırlığına şirkətimizin fəaliyyətinin ayrılmaz tərkib hissəsi kimi yanaşırıq. 

Ayrıca olaraq qeyd etmək istərdim ki, insan kapitalı  - sadəcə təcrübəli və təhsilli əməkdaş deyildir. O, həm də xoşbəxt əməkdaşdır. Buna görə də biz, əməkdaşlarımızın asudə vaxtlarının səmərəli keçirilməsinə də xüsusilə diqqət yetirir və bu istiqamətdə də yatırımlar edirik. Əməkdaşlar arasında komanda ruhunun yüksəldilməsi, işçilər arasında sıx və mehriban münasibətlərin formalaşması üçün komandaqurma, başqa cür desək “teambuilding”  tədbirləri planlaşdırılır və həyata keçirilir. 

- Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri olaraq qısaca yerli sığorta  bazarında 2021-ci ilin sonunadək gözlənilən mühim dəyişikliklər haqqında danışardınız.

Sığorta sferası – ölkə iqtisadiyyatının digər əsas sahələrinə nisbətən az inkişaf etmişdir.  Öz xüsusiyyətlərinə görə bu sfera, fəaliyyət növündən və maddi rifahından asılı olmayaraq, əhalinin müxtəlif təbəqələri ilə sıx qarşılıqlı əlaqədədir. Bu səbəbdən, sığorta tənqidə ən çox məruz qalan sferadır.  

Qeyd etmək istərdim ki, 2019-cu ilin sonunda nəzarət funksiyalarının Azərbaycan Respublikası Mərkəzi Bankına ötürülməsindən sonra qısa müddət ərzində pandemiyadan doğan  problemlərə baxmayaraq, bu sahədə ciddi müsbət dəyişikliklər müşahidə olunmaqdadır.

Belə ki, Azərbaycan Mərkəzi Bankının rəhbərliyi dərhal mövcud problemləri və çətinlikləri müəyyən edərək qısa müddət ərzində onların aradan qaldırılması üçün müvafiq işlərə başlamışdır.  

Birincisi, şığorta şirkətləri arasında nizam-intizam yaradılmışdır. Uzun illər ərzində  zəif korporativ idarəetmə və  minimal maliyyə tələblərinə uyğunsuzluq səbəbindən sığorta sferasını gözdən salan, aşağı səviyyəli xidmət göstərən və beləliklə, insanların sığortaya olan inamını daha da azaldan  toksik sığorta şirkətlərinin lisenziyaları ləğv edilmişdir. 

İkincisi, sığorta şirkətlərində korporativ idarəetmənin və şirkətdaxili risklərin idarə edilməsi səviyyəsinin artırılması istiqamətində  işlərə başlanılmışdır. Bu proses bir neçə istiqaməti əhatə edib: Azərbaycan Sığortaçılar Assosiasiyası  ilə birlikdə ixtisaslaşmış təhsil proqramlarının təşkili, aparılan yoxlamalar nəticəsində sığorta şirkətlərinin zəif cəhətlərini müəyyən edərək onların aradan qalırılması üçün müvafiq tövsiyələrin verilməsi, daha keyfiyyətli maliyyə monitorinqinin həyata keçirilməsi. Bütün sadalanan proseslər əhaliyə göstərilən xidmət keyfiyyətinin artırılmasına və sığorta bazarının daha da möhkəmləndirilməsinə istiqamətləndirilmişdir. 

Üçüncüsü, biz ildən-ilə sığorta yığımlarının və ödənişlərinin artdığını müşahidə edirik.

Bir neçə ay bundan öncə ASA çərçivəsində Azərbaycanın sığorta bazarının inkişafı istiqamətində 3 illik inkişaf strategiyası tərtib olunaraq təsdiqlənmişdir. Bu işdə sığorta şirkətləri, Azərbaycan Mərkəzi Bankı və xarici məsləhətçilər fəal iştirak etmişdirlər. Bununla paralel olaraq, mövcud sığorta qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində aktiv işlər aparılır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq deyə bilərəm ki, yaxın gələcəkdə biz sığorta bazarının  artımına təkan verəcək və sığorta yığımlarının həcmini bir milyard manatadək artıracaq, həmçinin təqdim olunan sığorta xidmətləri zamanı müştərilərə göstərilən xidmət səviyyəsini təkmilləşdirəcək ciddi müsbət dəyişikliklərin şahidi olacağıq. 

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment