Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi kəhriz mühəndisliyi peşəsinin tarixi biliklərini yerli mühəndislərin gələcək nəslinə ötürməyə dəstək verir
Oktyabrın 27-də Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Hidromeliorasiya fakültəsinin kəhriz mühəndisliyi kursuna bitirən ilk 43 tələbəyə sertifikatlar təqdim olunub. Universitetin müəllimlərinin Beynəlxalq Miqrasiy Təşkilatının Azərbaycan nümayəndəliyi ilə birgə hazırladıqları tədris planı əsasında aparılan kurs kəhriz sistemləri və onların bərpası üzrə bilik və təcrübənin dirçəldilməsi və gələcək mühəndislər nəslinə ötürülməsi və onların da öz növbəsində həmin peşənin mövcud yeni texnalogiyalar əsasında inkişaf etdirməsi üçün növbəti addım olmuşdur.
Tədris BMqT-nin nümayəndəliyi tərəfindən təşkil olunmuş kəhriz mühəndisliyi üzrə təlimçi kurslarında, həmçinin kəhrizlər haqqında biliklərini artırmaq və onların bərpası və texniki qulluğun ən yaxşı təcrübələrini öyrənmələri məqsədilə Naxçıvana təşkil olunan tədqiqat səfərində iştirak etmiş ADAU-nun müəllimləri tərəfindən aparılır.
Bu bilik və bacarıqların artırılması istiqamətində görülən işlər Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə icra olunan “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində həyata keçirilir.
Sertifikatların təqdim edilməsi mərasimində çıxış edən BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və ADAU-nun təhsil üzrə prorektoru Anar Hətəmov 2 illik səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək, bunun gələcək uğurlu əməkdaşlığa zəmin yaratdığını qeyd etdilər.
Qyorqiyev bununla da kəhriz mühəndisliyinin unudlmayacağına zəmin yaradıldığını vurğuladı: “Mən çox şadam ki, biz birlikdə bunu həyata keçirə bilmişik. Bu əməkdaşlıq kəhriz sistemi haqqında biliklərin gənc nəslə ötürülməsinə şərait yaratdı”.
Beləliklə, BMqT Azərbaycan ilə ADAU arasında 2019-cu ildə imzalanmış əməkdaşlıq sazişi uğurla başa çatmaq üzrədir. Müqavilə çərçivəsində qarşıya qoyulan məqsədlər, yəni Kəhriz İnformasiya və Tədqiqat Mərkəzinin yaradılması, kəhriz mühəndisliyi dərsliyinin nəşri, kəhriz mühəndisliyi kursunun kurrikuluma daxil edilməsi uğurla həyata keçirilib.
Tədris sahəsində görülən işlərə əlavə olaraq, adı çəkilən layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə əhalinin təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır. Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir.