BMqT-nin Azərbaycan nümayəndəliyinin Məcburi Köçkün ailələri üçün özünüməşğulluq imkanlarının təmin edilməsi üzrə təşəbbüsləri çərçivəsində Ağdam və Ağcabədi rayonlarında keçirilən dörd günlük biznes təliminin 60 iştirakçısına sertifikatlar təqdim edilib.
Sertifikatın təqdim edilməsi mərasimində çıxış edən BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev yerli icma üzvlərinin onların dayanıqlığının artırılmasına xidmət edəcək gəlir gətirən fəaliyyətlərə başlamaq və məşğul olmaları üçün biznes təliminin vacibliyini qeyd etdi və onlara uğurlar arzuladı. O, öz çıxışında Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) nümayəndəliyin həyata keçdirdiyi layihəyə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirdi və səmərəli əməkdaşlığa görə dövlət orqanlarına təşəkkür etdi.
BMqT-nin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin Kiçik Biznesə Dəstək komponenti çərçivəsində biznes planların hazırlanması, uğurlu biznes planlarının seçilməsi, qrantların paylanması da nəzərdə tutulur.
Ümumiyyətlə, layihənin biznesin inkişafı komponenti çərçivəsində hədəf ərazilərində məcburi köçkün icmalarına yönəlmiş fəaliyyətlər üç hissədən ibarətdir: fərdi təşəbbüslərin inkişafı üçün etibarlı məlumat bazasının yaradılması; məcburi köçkün icmalarının maliyyə savadlılığının artırılması və özünüməşğulluğun təşviqi. Bu fəaliyyətlər, həmçinin məcburi köçkünlərin həyat səviyyələrini yaxşılaşdırmağa və onların cəmiyyətin həyatındakı iştiraklarını təşviq etməyə dəstək vermək məqsədi daşıyır.
İcmaların dayanıqlığının artırılması, icmalarda məşğulluğun inkişafı və tədrisini də özündə cəmləşdirən komponentlərə bağlı görülən işlərə əlavə olaraq, adı çəkilən layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə əhalinin təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır. Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə, kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir.