BMqT-nin Azərbaycan nümayəndəliyin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi Qlobal Enerji Mükafatının 2021-ci il üzrə qalibi seçilib. Nümayəndəliyin kəhriz adlanan qədim su təchizatı sistemlərinin bərpasında yeni texnologiyaların tətbiqi ilə bağlı olan layihəsi Qlobal Enerji Mükafatına mükafatına 180-dən çox ölkə tərəfindən təqdim edilmiş ətraf mühitin mühafizəsinə yönəlmiş 2500-dən çox layihə arasından seçilib.
Qlobal Enerji Mükafatı hazırda ətraf mühit üzrə ən nüfuzlu mükafat sayılır. Bu mükafat hər il fərdi fəaliyyət, davamlı layihələr və ya davamlılığa dair məlumatlılığı artırmaq üçün kampaniyalarla ətraf mühitin qorunmasına töhvə verən ən yaxşı layihələrə verilir. Mükafatlar Dünya, Od, Su, Hava və Gənclik kateqoriyalarına olmaqla 5 nominasiya üzrə və yeni xüsusi nominasiya olan Dayanıqlı Start-Up üzrə milli və beynəlxalq səviyyədə təqdim olunur. Mükafat Avstriyanın Azərbaycandakı səfiri Aleksandr Bayerl və Avstriyanın Türkiyə, Azərbaycan və Gürcüstan üzrə ticarət komissarı cənab Qeorq Karabakzek tərəfindən təqdim edildi.
“Biz fəxr edirik ki, komandamız tərəfindən innovative texnalogiyaların tətbiqi ilə kəhriz adlanan qədim suvarma sistemlərinin bərpasının aparıldığı BMqT-nin Azərbaycan nümayəndəliyinin layihəsi 2021-ci il üzrə Qlobal Enerji mükafatının Milli qalibi seçilmişdir. Nümayəndəliyin kəhrizlərin ənənəvi üsulla bərpası layihəsi 2012-ci ildə Qlobal Enerji Mükafatının Su nominasiyası üzrə də qalib seçilmişdi. Hər iki mükafat bu cür layihənin insanlar və ətraf mühitin davamlılığı üçün əhəmiyyətini və vacibliyini göstərir. İnnovativ texnologiyanın tətbiqi ilə kəhrizlərin bərpası prosesi daha effektiv və təhlükəsiz olmuşdur. Bu innovativ kəhriz bərpası texnologiyası böyük potensiala malikdir və hətta Azərbaycanın hüdudlarından kənarda da yeni ekoloji su təchizatı sistemlərinin bərpası və tikintisində istifadə oluna bilər”, - deyə BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev bildirib.
Kəhrizlərin bərpası BMqT-nin Azərbaycanda həyata keçirdiyi ən mühüm və zamanında həyata keçirilən tədbirlərdən biridir. Nümayəndəlik 1998-ci ildən etibarən Azərbaycanda kəhrizlərin bərpası ilə məşğuldur. Həmin vaxtdan Azərbaycanın müxtəlif bölgələrində müxtəlif layihələr çərçivəsində 166 kəhrizi bərpa edilib. Uğurlu keçmiş və unikal təcrübəsinə əsaslanaraq, nümayəndəlik hazırda KOICA-nın maliyyə dəstəyi ilə ənənəvi, dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası yolu ilə regionlardakı əhalinin təhlükəsiz və ardıcıl su təchizatı ilə təmin etmək üçün dörd illik layihəni həyata keçirir. Əvvəlki layihələr kimi, cari layihə də gender, idarəetmə və ətraf mühitin mühafizəsi kimi məsələlərə xüsusi diqqət yetirərək icma əsaslı yanaşmanı həyata keçirməyə davam edir.
Umümilikdə layihə Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) prinsiplərini həyata keçirilməsi səylərinə bir sıra istiqamətlərdə töhfə verir. Bu istiqamətlərə yoxsulluğa son qoyulması və qida təhlükəsizliyinin təmin edilməsinə birbaşa təsiri olan ev təsərrüfatlarının daxili ehtiyacı və suvarma suyu ilə təmin edilməsi (1-ci Məqsəd), qadınların imkanlarının artırılması və qərar vermə proseslərində iştirakının təmin olunması, aid olduqları icmalarda liderlik rollarının artırılması (5-ci Məqsəd), ekoloji cəhətdən təmiz və dayanıqlı su təchizatı sistemlərinin bərpası, kəhrizlər və təhlükəsiz içməli suya əlçatanlığın gücləndirilməsi (6-cı Məqsəd) daxildir.