Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə “Səhiyyə işçiləri üçün insan alveri qurbanları ilə etik davranış qaydaları” mövzusunda keçirilən silsilə maarifləndirmə tədbirləri uğurla başa çatmışdır
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və ABŞ-ın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə Insan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən səhiyyə işçiləri üçün keçrilən “Səhiyyə işçiləri üçün insan alveri qurbanları ilə etik davranış qaydaları” mövzusunda silsilə maarifləndirmə tədbirləri başa çatmışdır. Cari ilin avqust ayında başlayan maarifləndirmə tədbirləri 12 rayon - Şamaxı, İsmayıllı, Şirvan, Balakən, Zaqatala, Quba, Qusar, Xızı, Bərdə, Mingəçevir, Lənkəran, Şəmkir rayon xəstəxanalarında 280 (254 qadın, 26 kişi) səhiyyə işçisinin iştirakı uğurla tamamlanmışdır.
Maarifləndirmə sessiları çərçivəsində insan alveri fenomeni, qurbanların identifikasiya olunmasının əsas göstəriciləri, onların ümumi sağlamlıq problemləri, məlumatın məxfiliyinin və insan alveri qurbanlarının maraqlarının qorunması kimi məsələlər haqqında məlumat verilmişdir. Tədbirdə həmçinin insan alveri qurbanlarının reabilitasiya prosesinin təşkili, onların cəmiyyətə reinteqrasiyası məsələlərinə də toxunulmuşdur.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin ABŞ-ın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan Alverinə Qarşı Mübarizə Fəaliyyəti” layihəsi mövcud və potensial insan alveri, məcburi əmək və gender əsaslı zorakılıq qurbanlarına yardım göstərən vətəndaş cəmiyyəti təşkilatlarının sığınacaqlarına texniki və maliyyə dəstəyi göstərir və insan alveri, məcburi əmək və gender əsaslı zorakılıq formaları ilə mübarizə sahəsində çoxtərəfli koordinasiya və əməkdaşlığın genişləndirilməsini dəstəkləyir.