Kaspersky-nin araşdırmasına görə, respondentlərin 81%-i dələduzluqla günün hansı saatlarında qarşılaşdıqlarını bildirə bilib. Aydın olub ki, sorğu iştirakçılarının təcrübəsinə əsasən, təcavüzkarlardan gələn zəng və SMS axını əsasən bazar ertəsindən cümə axşamına kimi (56%) saat 11:00-dan 17:59-a qədər (54%) baş verir. Yəqin ki, dələduzlar iş günlərinin qızğın vaxtlarında “ova çıxırlar”, belə ki, rəsmi təşkilatları təqlid edir və ya potensial qurbanların fikirlərinin gərgin iş rejiminə görə dağınıq olduğunu və buna görə də onların böyük ehtimalla tələyə düşə biləcəklərini hesab edirlər.
Şübhəli elektron məktublarla bağlı vəziyyət də eynilə belədir. Burada da istifadəçiləri bazar ertəsindən cümə axşamına kimi (46%) saat 11:00-17:59 vaxt aralığında (40%) aldatmağa cəhd göstərirlər.
Ünsiyyət vasitəsindən asılı olmayaraq, təcavüzkarlar özlərini daha çox bank/maliyyə təşkilatı və ya tanınmış bir brendin nümayəndəsi kimi təqdim edirlər. Bununla da istifadəçilər fırıldaq sxemini dərhal tanımırlar. “Əlaqə yaradanların cinayətkar olduğunu siz [onlar] və ya yaxınlarınız anlaya bildinizmi” sualına 60% respondent telefon zəngləri ilə bağlı, 64% isə elektron məktublarla bağlı “bəli, dərhal” cavabını verib.
“Fırıldağın kökündə psixologiya üzrə əsas biliklər və cinsindən, yaşından, fəaliyyət sahəsindən və təhsil səviyyəsindən asılı olaraq müəyyən bir vətəndaş kateqoriyası üçün nəyin məxsusi olduğunu başa düşmək dayanır”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov vurğulayır. “Dələduzlar yaxşı anlayır ki, gərgin iş günü ərzində potensial qurbanlar fırıldaq cəhdinə qarşı daha çox kövrək olurlar. İnsanlar sadəcə zəngin mövzusuna köklənməyərək ehtiyatsızlıq ucbatından gizli məlumatları açıqlaya bilərlər. Məhz buna görə, hər dəfə sizə bankdan zəng gələn zaman yaxşı olar ki, işinizə ara verib dəstəyi asasınız və özünüz təşkilatın bank kartının üzərində göstərilən rəsmi nömrəsinə zəng edəsiniz”.
Kaspersky telefon və internet dələduzları ilə mübarizə aparmağa imkan verən əsas təhlükəsizlik qaydalarını xatırladır:
• nə isə təklif edən və ya məlumat öyrənməyə çalışan tanımadığınız insanlardan gələn zənglərə ehtiyatla yanaşın;
• SMS, elektron məktub və ya messencer ismarışlarındakı şübhəli linklərə keçid etməyin;
• heç bir halda heç kəsə CVV şifrə və ya SMS və ya “push” bildirişdəki birdəfəlik şifrələri açıqlamayın;
• guya maliyyə təşkilatından gələn zəng zamanı dəstəyi asın və bank kartının əks tərəfində göstərilən nömrə ilə özünüz banka zəng edin;
• fərdi istifadəçilərə fişinq mesajlarını və saytlarını tanıyan Kaspersky Internet Security həllini quraşdırmağı, şirkətlərə isə işçilərin rəqəmsal savadlılığını, məsələn, Kaspersky Automated Security Awareness Platform platformasının köməyilə artırmağı tövsiyə edirik.
* Araşdırma ERA Marketing araşdırma şirkəti tərəfindən 2021-ci ilin sentyabr-oktyabr aylarında aparılıb. Üz-üzə (face-to-face) metodu ilə Bakı, Gəncə və Sumqayıt şəhərlərinin sakinlərinin fikirləri öyrənilib. Ümumilikdə 18 yaşdan yuxarı 500 nəfər sorğuda iştirak edib.