31 may - 2 iyun tarixlərində Almaniyanın Frankfurt şəhərində keçirilən “IMEX 2022” sərgisində Azərbaycanın işgüzar turizm imkanları tanıdılır.
8 yerli turizm şirkətinin iştirak etdiyi sərgidə əsas məqsəd Azərbaycanın işgüzar və biznes turizmi potensialını Avropada tanıtmaq, xarici tərəfdaşlarla əlaqələri genişləndirmək və yeni əməkdaşlıqlar qurmaqdır.
Görüşlərdə Azərbaycanda mövcud olan müasir işgüzar turizm infrastrukturu və irimiqyaslı biznes tədbirlərinə ev sahibliyi etmə potensialı haqqında məlumat verilir.
Qeyd edək ki, Azərbaycan Turizm Bürsounun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun ölkəmizdə işgüzar turizmi inkişaf etdirmək istiqamətində digər qurumlarla əməkdaşlığının nəticəsi olaraq Azərbaycan 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresinə, Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasına və Avropa Kranio Maksillo Üz Cərrahiyyəsi Assosiasiyasının Regional Konqresinə, 2024-cü ildə isə Universitet Alimlərinin Liderlik Simpoziumu kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməyə hazırlaşır.
Dünya üzrə görüşlər, konfranslar, tədbirlər və işgüzar səyahətlər sahəsində ən mühüm işgüzar və ticarət sərgisi hesab olunan “IMEX Frankfurt” sərgisi 2002-ci ildən başlayaraq hər il keçirilir. Bu il sərgiyə 150-dən çox ölkədən 2500-dən çox nümayəndənin qatılacağı proqnozlaşdırılır.