Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) BMT-nin layihəsi çərçivəsində xeyriyyə aksiyası keçirib.
ASA-dan verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyası BMT-nin “Uşaq əməyinin istismarına qarşı mübarizə” çərçivəsində layihələrin həyata keçirilməsinə dair təşəbbüsünə qoşularaq artıq ikinci ildir təşkil etdiyi xeyriyyə aksiyasını uğurla yekunlaşdırıb.
Məlumatda bildirilir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının “Daha sağlam və sığortalı gələcək üçün” şüarı ilə başlatdığı xeyriyyə aksiyasına yerli sığorta şirkətləri də qoşulub.
Xeyriyyə layihəsi çərçivəsində sığorta şirkətlərinin ianələri əsasında toplanmış məktəbli ləvazimatları aztəminatlı ailələrə, şəhid və qazi övladlarına, eyni zamanda uşaq sığınacaqlarındakı ümumilikdə 120 nəfər məktəbliyə tədarük edilib.
ASA-nın məlumatına görə, bu kimi korporativ sosial məsuliyyət layihələri növbəti dövr ərzində də sığorta şirkətlərinin dəstəyi ilə mütəmadi olaraq həyata keçiriləcək.
Qeyd edək ki, hesabata görə, bu gün dünyada 160 milyona yaxın uşağın əməyi istismar edilir. Məhz bu məqsədlə də BMT 2021-ci ili “Uşaq əməyinin istismarının aradan qaldırılması ili” elan edib. Təşkilatın bu istiqamətdə başlıca hədəfi 2025-ci ilə qədər uşaq əməyinin istismarının qarşısının tamamilə alınması yönündə layihələrin mütəmadi olaraq həyata keçirilməsidir.