Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosu Hindistanın ikinci ən böyük sərgisi hesab olunan və Nyu-Delhi şəhərində keçirilən “SATTE” sərgisində iştirak edir.
Sərgidə Azərbaycan milli stendini “Azərbaycan Hava Yolları” QSC və ümumilikdə 11 yerli turizm sənayesi nümayəndəsi təmsil edir.
Səfər çərçivəsində media və sənaye tərəfdaşları ilə ikitərəfli görüşlərin təşkili nəzərdə tutulub.
Fevralın 11-dək davam edəcək beynəlxalq sərgidə 50-dən çox ölkədən, eyni zamanda Hindistanın müxtəlif şəhərlərindən 1200-dən çox iştirakçı, 35 mindən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssis, eləcə də 28 ölkənin turizm üzrə dövlət qurumu iştirak edir.
Həmçinin Hindistanda keçirilən silsilə tədbirlər çərçivəsində 6-8 fevralda Çenay və Əhmədabad şəhərlərində təqdimatlar keçirilib.
Tədbirlərdə Azərbaycanın 13 yerli turizm şikrəti adıçəkilən şəhərlərin 100-dən artıq turizm sənayesi nümayəndəsi ilə görüşlər keçirib.
Görüşlər zamanı Hindistanın turizm sənayesi nümayəndələri Azərbaycanda mövcud turizm məhsulları, təklif olunan turpaketlər, o cümlədən ölkənin əsas turizm marşrutları, hotel və infrastruktur yenilikləri ilə yaxından tanış olublar.
Hindistanın film və toy təşkilatçılığı üzrə ixtisaslaşmış sənaye nümayəndələri ənənəvi turizm məhsulları ilə yanaşı, Azərbaycanın bu istiqamətdə təklif etdiyi məhsullar haqqında məlumatlandırılıblar.
Qeyd edək ki, Azərbaycanın turizm imkanları 2-4 fevralda Hindistanın Mumbay şəhərində keçirilən "OTM Mumbai 2023” səyahət sərgisində də tanıdılıb.