Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində Avstriyada yaşayan müsabiqə qalibi Emil Məmmədli ilə onlayn, Fərid İsayev ilə isə üz-üzə görüş keçirib.
T.Kazımov proqramın hər iki iştirakçısını ikinci “Yüksəliş” müsabiqəsində qaliblər sırasında olmaları münasibətilə təbrik edərək onların idarəetmə sahəsində təcrübələri ilə maraqlanıb, müsabiqə qaliblərinin praktiki fəaliyyətə cəlb olunmaqla təcrübələrinin artırılmasına dəstək olacağını qeyd edib. Layihənin idarəçi rəhbərlərindən biri kimi birillik fərdi inkişaf planı əsasında təcrübəsini müsabiqə qalibləri ilə bölüşəcəyini və potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini diqqətə çatdırıb. Bildirib ki, qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün Mərkəzi Bank tərəfindən lazımi şərait yaradılacaqdır.
İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində mentorluq proqramı çərçivəsində Mərkəzi Bankın sədrinə yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.