Mərkəzi Bank, Bakı Fond Birjası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İnvestisiya Şirkətlərinin iştirakı ilə 10 mart 2023-cü il tarixində Şabran şəhərində “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil olunacaqdır. Şabran rayon Heydər Əliyev Mərkəzində keçiriləcək tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri mütəşəkkil kapital bazarının imkanları və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılacaq. Tədbirdə qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində təqdimatlar olacaqdır.
Həmçinin, tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilib, onların maliyyələşmə imkanları dəyərləndiriləcəkdir.
Qeyd edək ki, bu, sayca yeddinci belə tədbirdir. Bundan əvvəl "İnvestisiya səyahəti" tədbiri Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ və Şamaxı şəhərlərində təşkil olunub. Mütəmadi olaraq təşkil olunan investisiya səyahəti tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.